BAKI, 21 noyabr. TELEQRAF

ABŞ Azərbaycan və İndoneziya ilə Qəzzada beynəlxalq sabitləşdirici qüvvələrin formalaşdırılması üçün bu ölkələrin hərbi kontingent göndərməsi barədə aparılan danışıqları müsbət qiymətləndirir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib.

"Bir çox ölkələr Qəzzada sabitliyi təmin etmək üçün öz hərbi kontingentlərini göndərməzdən əvvəl BMT-nin təsdiqini gözləyiblər. Azərbaycan, İndoneziya və digər ölkələrlə aparılan danışıqlar kifayət qədər müsbət olub",- o qeyd edib.

Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev ABŞ Prezidenti Donald Trampın Qəzza münaqişəsinin həllinə dair 20 bənddən ibarət əhatəli planını açıqlayıb. Sənəddə Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqi və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur.

Oktyabrın 9-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Oktyabrın 13-də Şarm əl-Şeyxdə Türkiyə, ABŞ və Misir liderləri tərəfindən "Niyyət Bəyanaməsi" imzalanıb. Sazişin əsas məqsədi Qəzzada müharibəyə son qoymaqdır.