BAKI, 11 avqust. TELEQRAF

Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan və Ermənistan arasında paraflanmış Sülh Sazişinin mətnində əksini tapıb.

Qeyd olunub ki, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər; Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.

Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.