BAKI, 11 avqust. TELEQRAF
Azərbaycan və Ermənistan (bundan sonra Tərəflər) bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq, bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayır.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan və Ermənistan arasında paraflanmış Sülh Sazişinin mətnində əksini tapıb.
"BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək, öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək, aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər", - deyə bildirilir.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.