BAKI, 12 iyul. TELEQRAF
"Ermənistan müxalifətinin ən böyük qorxusu Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasıdır".
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Hayk Sukiasyan deyib.
Həmçinin ekspert qeyd edib ki, sülh danışıqlarında istənilən vasitəçilikdən, xüsusən də Rusiyadan yan keçmək mühüm addımdır.
Sukiasyan əmindir ki, Ermənistan prosesi nəzarətdə, sülh müqaviləsinin imzalanması mövzusunu qaynar saxlamalı, beynəlxalq ictimaiyyətin diqqətini buna yönəltməlidir.
Politoloqun sözlərinə görə, region öz kommunikasiyaları ilə hamını maraqlandırdığı üçün dünya bu prosesi diqqətlə izləyir:
"Müzakirə olunan sənədi, onun fonunda Rusiya-Azərbaycan gərginliyini nəzərə alsaq, müqavilənin imzalanmasının yaxın olduğunu və bunun Ermənistanın taleyində dönüş nöqtəsinin olacağını demək olar".
Sukiasyan Rusiya ilə koordinasiyalı şəkildə işləyən Ermənistanın radikal müxalifətinin sülh prosesinə yanaşmasına da diqqət çəkib:
"Bu yaxınlarda müxalifətin Ermənistan hakimiyyətinə qarşı planlaşdırdığı, artıq ifşa edilmiş terror aktı həm də liderlərin Əbu-Dabi görüşü və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı idi. Çünki müxalifətin ən böyük qorxusu - müqavilənin imzalanması reallaşır".
Erməni kilsəsinin siyasi proseslərə müdaxiləsindən danışan ekspert əlavə edib ki, bütün ermənilərin katolikosu II Qaregin dərhal istefa verməlidir:
"Siz onu kreslosundan atana qədər o, getməyəcək".