BAKI, 25 may. TELEQRAF
"Azərbaycan keçmişdə olduğu kimi, hazırda da Ukraynaya humanitar yardımı edir və bu istiqamətdə fəaliyyətlərini gələcəkdə də davam etdirəcək".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Bakıda ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirilən mətbuat konfrasında bildirib
"Bu yardıma mina təmizləmə sahəsində dəstək və digər humanitar məsələlər daxildir. Biz bütün mövcud beynəlxalq platformalarda Ukraynaya dəstək göstərməkdə davam edəcəyik. Azərbaycan, həmçinin Romada keçiriləcək Ukraynanın bərpasına dair konfransda iştirak edəcək və bu prosesə öz töhfəsini verəcək", - XİN başçısı qeyd edib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə bildirib ki, rəsmi Bakının bu qərarını alqışlayır. Onun fikrincə, iyul ayında İtaliyanın paytaxtı Romada keçiriləcək konfransda müharibədən sonra Ukraynanın bərpası üçün böyük yardım paketi ayrılacaq: “Şadam ki, Azərbaycan kimi sülhsevər bir ölkə bu konfransda iştirak edəcək. Biz gözləyirik ki, ayrılan vəsait həqiqətən də ölkəni qaydaya salmağa kömək edəcək”.