BAKI, 6 oktyabr. TELEQRAF

Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzər makroregionu: Azərbaycan və Qazaxıstanın siyasi tərəfdaşlıq arxitekturası” beynəlxalq forumu işini panel sessiyaları ilə yekunlaşdırıb.

Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, panel müzakirələrində Azərbaycan və Qazaxıstan arasında siyasi, hüquqi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də Xəzər regionunda qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

Panel sessiyalarının moderatorları qismində ekspertlər Eldar Cəfərov, Emin Cabbarov, Elvin Talışinski və Orxan Yolçuyev çıxış ediblər.

“İnteqrasiyanın hüquqi əsasları” adlı ilk paneldə iki ölkə arasında əməkdaşlığın hüquqi bazası, hüquq mədəniyyətinin və ictimai diplomatiyanın inkişafında universitetlərin rolu, həmçinin Orta Dəhlizin inkişafı fonunda Xəzərin ekoloji təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

“Nəqliyyat diplomatiyası və Orta Dəhliz” mövzusunda ikinci paneldə Xəzərin geosiyasi əhəmiyyəti, nəqliyyat diplomatiyasının regional əməkdaşlıqdakı rolu və Orta Dəhlizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfə barədə fikir mübadiləsi aparılıb.

Üçüncü panel “Azərbaycan-Qazaxıstan əlaqələrinin möhkəmləndirilməsində diasporun və ictimai diplomatiyanın rolu” mövzusuna həsr olunub. Müzakirələr zamanı informasiya və mədəni diplomatiya, diaspor amili, iki ölkənin ortaq tarixi-mədəni dəyərləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqətə çatdırılıb.

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.

Xatırladaq ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin və “Azərbaycan Mərkəzi” İctimai Fondunun təşkilatçılığı, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə baş tutub.