BAKI, 29 oktyabr. TELEQRAF
Fransa və Azərbaycanın tanınmış mədəniyyət xadimi, Əməkdar artist, dünya şöhrətli pianoçu Adilə Əliyeva Fransanın İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin diplom və platin medalı ilə təltif olunub.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, soydaşımız Akademik Cəmiyyətin Ali Mükafatlar Komissiyasının qərarı ilə bu ali mükafata layiq görülüb. Cəmiyyətin 2026-cı il laureatlarının mükafatlandırılma mərasimi Parisdə yerləşən “InterContinental Paris Le Grand” mehmanxanasının “Opera” zalında keçirilib.
1915-ci il noyabrın 12-də təsis edilən İncəsənət, Elm və Ədəbiyyat üzrə Akademik Cəmiyyətinin əsas məqsədi mədəniyyət, incəsənət, elm və ədəbiyyatın inkişafına mühüm töhfələr verən şəxslərin fəaliyyətini qiymətləndirmək və təşviq etməkdir. Adilə Əliyevanın beynəlxalq mükafata layiq görülməsi onun uzun illər ərzində musiqi sahəsində həyata keçirdiyi fəaliyyətin, Azərbaycan mədəniyyətinin xaricdə təbliğinin və ölkəmizin beynəlxalq mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrin növbəti nümunəsi sayılıb.
Qeyd edək ki, Bakı şəhərində anadan olan Adilə Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alıb. Uzun illərdir Fransada yaşayan sənətkar dünyanın 50-dən çox ölkəsində konsert proqramları ilə çıxış edib. Azərbaycan bəstəkarlarının əsərlərini beynəlxalq səviyyədə təbliğ edərək, milli musiqi mədəniyyətimizin tanıdılmasına töhfə verib. 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasına rəhbərlik edən pianoçu, həmçinin Adilə Əliyeva adına Beynəlxalq Piano Müsabiqəsinin təsisçisidir.
Adilə Əliyeva 2022-ci ildə Azərbaycan Respublikasının “Dostluq” ordeni və Fransanın ən yüksək dövlət mükafatlarından biri olan “Fəxri Legion” ordeni ilə təltif olunub. O həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı və Azərbaycan diasporunun inkişafında fəal iştirakına görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə mükafatlandırılıb.