XOCAVƏND, 1 oktyabr. TELEQRAF

“Birliyin Gücü - 2026” birgə hərbi təlimi çərçivəsində üç ölkənin hərbi texnikaları nümayiş olunur.

Teleqraf-ın Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qızılqaya” Təlim Mərkəzində nümayiş olunan texnikalar arasında müxtəlif silah və hərbi vasitələr yer alır.

“Spike ER” tank əleyhinə idarəolunan raket kompleksi gündüz, gecə və məhdud görünmə şəraitində lazer nişangah vasitəsilə müasir dinamik qoruyucu ilə təchiz edilmiş tank və zirehli hədəfləri məhv etmək üçün təyin edilib.

Həmçinin “MİNİ İHA D” (MINI D-type) pilotsuz uçuş aparatı nümayiş etdirilir.

Türkiyə komandosunun istifadə etdiyi vasitələr də sərgilənir. Bunların arasında “BOYGA” 81 mm minaatan pilotsuz uçuş aparatı da var. “BOYGA” 81 mm-lik minaatan sursatı ilə təchiz olunub və dəqiq zərbə endirmək qabiliyyətinə malikdir. Terrorla mübarizə, sərhəd təhlükəsizliyi və asimmetrik müharibə əməliyyatlarında istifadə olunur.

Qeyd edək ki, “Birliyin Gücü – 2026” birgə hərbi təlimi 21 sentyabr-1 oktyabr tarixlərini əhatə edir. Təlimdə Azərbaycan, Türkiyə və Özbəkistanın hərbi qulluqçuları iştirak edirlər.

Eyni zamanda, 9 ölkə - İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində təlimə qatılıblar.