BAKI, 4 sentyabr. TELEQRAF

Şuşa mənim üçün sadəcə bir şəhər deyil. Bu torpağın hər qarışının arxasında tariximiz, şəhidlərimizin qanı və qazilərimizin canı dayanır. II Qarabağ müharibəsinin iştirakçısı kimi Şuşanın azad olunmasının nə qədər böyük mənəvi və tarixi əhəmiyyət daşıdığını çox yaxşı anlayıram. Ona görə də Şuşaya gedən hər bir insan ilk növbədə bura adi turistik məkan kimi yox, böyük bir tarixin şahidi olan müqəddəs torpaq kimi yanaşmalıdır.

Bunu Teleqraf-a açıqlamasında qazi Ceyhun Məmmədzadə deyib.

O bildirib ki, qaya daşlarının üzərinə ad yazmaq, tarixi abidələrə zərər vurmaq və ətrafı çirkləndirmək heç bir halda qəbulolunan davranış deyil.

"Şəhidlərin və qazilərin canı bahasına əldə olunan bu torpaqlarda insan öz davranışına daha çox diqqət etməlidir. Məncə, vətən sevgisi yalnız sözlə deyil, belə yerlərə münasibətimizlə də göstərilməlidir.

Şuşanın qorunması təkcə dövlətin və aidiyyəti qurumların məsuliyyəti deyil. Bu, hər bir vətəndaşın borcudur. Biz özümüzdən başlamalı, övladlarımıza da tarixi irsimizə hörmət etməyi öyrətməliyik. Çünki bu gün qoruduğumuz Şuşa sabah gələcək nəsillərə təhvil verəcəyimiz tariximizdir".