BAKI, 4 sentyabr. TELEQRAF

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb. Beləliklə, 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun əsas mərhələləri başa çatıb. Yekun nəticələrə əsasən, ali təhsil müəssisələrində plan yerlərinin 97.71 faizi dolub, cəmi 1393 plan yeri – təxminən 2 faizi boş qalıb.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin Məleykə Abbaszadə açıqlayıb.

O bildirib ki, ümumi mənzərəyə baxdıqda qəbul planının yüksək səviyyədə dolduğunu görürük.

"Tələbə qəbulu aparılan 41 mülki ali təhsil müəssisəsindən 13-də plan yerləri 100 faiz, 4-də plan 99 faiz, 4-də isə 98 faiz dolub. Ümumilikdə 34 ali təhsil müəssisəsində dolma göstəricisi 95 faizdən yüksəkdir.

Bu rəqəmlər həm abituriyentlərin ixtisas seçimində davranışını, həm ayrı-ayrı ixtisas qruplarında rəqabət səviyyəsini, həm də mövcud plan yerləri ilə müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin sayı arasındakı fərqi aydın göstərir. Xüsusilə əlavə yerləşdirmə zamanı boş plan yerinin olması heç də həmin yerin mütləq dolacağı anlamına gəlmir. Abituriyentin müsabiqə şərtlərini ödəməsi və həmin ixtisası seçmək hüququnun olması da əsas şərtdir.

Sonda qəbul olunan abituriyentlərə vacib bir xatırlatma etmək istəyirəm.

8 sentyabr saat 18:00 ali təhsil müəssisələrinə qəbul olunanların elektron qeydiyyatı üçün son tarixdir.

Qəbul olunan şəxslər bu müddətədək my.gov.az portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək yerləşdirildiyiniz ixtisasdan imtina kimi qiymətləndirilir. Boş qalan plan yerlərinə qəbul olunanlar isə 8 -15 sentyabrda qeydiyyatdan keçməlidirlər.

Yeni tədris ilində tələbə adını qazanan bütün gənclərimizi bir daha təbrik edir, hər birinə uğurlar arzulayıram", - M.Abbaszadə vurğulayıb.