BAKI, 4 sentyabr. TELEQRAF
Bərdə Mənzil İstismar Sahəsində əmək qanunvericiliyinin pozulması ilə bağlı araşdırma başlayıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Bərdə Mənzil İstismar Sahəsində vətəndaş əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərə cəlb edilməsi olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib.
Bərdə Rayon Məhkəməsinin qərarı ilə Bərdə Mənzil İstismar Sahəsi 20 min, Rauf Qafarov isə 3 min manat cərimə olunub.
Qərardan narazı qalan Bərdə Mənzil Təmir İstismarı Sahəsinin rəisi apellyasiya şikayəti verib. O, Bərdə Rayon Məhkəməsinin qərarının ləğv edilməsini, inzibati xəta tərkibinin və subyektiv təqsirinin olmaması əsası ilə icraata xitam verilməsini xahiş edib.
Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti qismən təmin edilib.
Bərdə Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yenidən araşdırılması üçün sözügedən məhkəməyə qaytarılıb.
Yaxın günlərdə bu iş üzrə yenidən araşdırma başlanacaq.