BAKI, 4 sentyabr. TELEQRAF

Ailə hüququ sahəsində beynəlxalq əməkdaşlığın və səmərəli elmi-praktik dialoqun inkişaf etdirilməsi, müasir və qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də ailə institutunun hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə sentyabrın 4-də Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib.

Teleqraf xəbər verir ki, Çağ Universiteti, “İnjuria” Hüquq Platforması, Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) və Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans ailə hüququ sahəsində fəaliyyət göstərən hüquqşünasları, hakimləri, vəkilləri, mediatorları elm və təhsil ictimaiyyətini, Milli Məclisin deputatlarını və dövlət qurumlarının nümayəndələrini, eləcə də vətəndaş cəmiyyəti institutlarını bir araya gətirib.

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əlaqələrin möhkəmləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu formatda keçirilən görüşlər ailə hüququnun aktual məsələlərinin müzakirəsi, peşəkar dialoqun inkişafı və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Çağ Universitetinin rektoru professor Murat Koç çıxışında Mersin və Ankara şəhərlərində keçirilmiş I və II Beynəlxalq Ailə Hüququ konfranslarının davamı olaraq Bakıda təşkil olunan III Beynəlxalq Ailə Hüququ Konfransının ailə hüququnun aktual məsələlərinin beynəlxalq müstəvidə müzakirəsi baxımından mühüm platforma olduğunu qeyd edib. Rektor bu cür elmi tədbirlərin Azərbaycan ilə Türkiyə arasında hüquq sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Beynəlxalq Ailə Hüquqşünasları İnstitutunun rəhbəri Sahra Düzgün Tucel, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Fatma Yıldırım və Bəhruz Məhərrəmov çıxışlarında ailə hüququnun müasir inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq, qadın və uşaq hüquqlarının təmin edilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi məsələlərinə diqqət yetiriblər.

Konfransın panel sessiyalarında ailə hüququnun aktual məsələləri, müasir yanaşmalar və mövcud hüquqi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.

Konfransa 4 ölkədən ümumilikdə 87 iştirakçı qatılmışdır.