BAKI, 3 sentyabr. TELEQRAF

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Lion"la cavab oyunundan sonra "Fənərbağça" klubu, eləcə də komandanın futbolçuları Matteo Qenduzi və Meyson Qrinvud barəsində intizam icraatına başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə təmsilçisi rəsmi bəyanat yayıb.

Klubun açıqlamasında qeyd olunur ki, "Fənərbağça" həm futbolçularının, həm də klubun hüquq və mənafelərini qorumaq üçün UEFA-nın müvafiq qurumları qarşısında zəruri müdafiə addımlarını atacaq.

Xatırladaq ki, matçdan əvvəl və oyun boyu "Lion" tribunaları keçmiş "Marsel"li futbolçu Matteo Qenduziyə qarşı təhqiramiz şüarlar səsləndirib. "Fənərbağça"nın ikinci qolundan sonra meydançaya daxil olmağa çalışan yerli azarkeşlər xüsusi mühafizə tərəfindən saxlanılıb.

Final fitindən sonra Qenduzinin meydandakı sevinci "Lion" futbolçularının sert reaksiyası ilə qarşılanıb və tərəflər arasında gərginlik yaşanıb. Soyunma otağına gedən tuneldə isə "Lion"un məşqçilərindən Antonio Ferreyra Qenduziyə fiziki hücum etməsi ilə qalmaqal yaşanıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə (3:2) rəqibini məğlub edən "Fənərbağça" 18 il sonra Çempionlar Liqasının Liqa (red. - qrup) mərhələsinə vəsiqə qazanıb.