BAKI, 21 avqust. TELEQRAF

İsmayıllıda toyda zəhərlənənlərin sayı 31-ə çatıb.

Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.

***

11:39

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonunun Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində qeydə alınıb. Hadisə nəticəsində 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Pasiyentlərin vəziyyətinin yaxşı olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldıqları bildirilib.

AQTA əməkdaşları tərəfindən məclisdəki qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə ciddi diqqət yetirilməsinin vacibliyini bir daha xatırladır.