BAKI, 21 avqust. TELEQRAF
Özbəkistan daxili işlər naziri general-leytenant Əziz Taşpulatov Azərbaycanın Daşkəndə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Görüşdə bildirilib ki, Özbəkistanla Azərbaycan arasında dostluq münasibətləri, qarşılıqlı etimad və strateji tərəfdaşlıq durmadan inkişaf edir.
Dialoq zamanı iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Xüsusilə, cinayətkarlıq, terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığı, kibercinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsinə diqqət yetirilib.
Tərəflər iki ölkənin hüquq-mühafizə və ictimai təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsində, eləcə də qarşılıqlı faydalı münasibətlərin ardıcıl davam etdirilməsində maraqlı olduqlarını vurğulayıblar.