BAKI, 24 iyul. TELEQRAF
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin şəhid olmasından yeddi il ötür.
Teleqraf xəbər verir ki, mərhum pilotun ailə üzvləri, yaxınları və Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri II Fəxri xiyabanda yerləşən məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova bildirib ki, mərhum pilotun şərəfli ömür yolu onlar üçün qürur mənbəyidir: "Artıq yeddi ildir ki, Rəşad Atakişiyev şəhadətə ucalıb. Onun qoyduğu rəşadətli ömür yolu bizə, övladlarına yalnız şərəf və qürur hissi yaşadır. Yaxın günlərdə Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi bizə ikiqat sevinc bəxş etdi. Mən də öz növbəmdə onun əziz xatirəsinə hər zaman ehtiram və sədaqətlə, övladlarını atasının adına layiq şəkildə yetişdirmək üçün əlimdən gələni əsirgəməyəcəm. Allah bütün şəhidlərə rəhmət eləsin".
Şəhid pilotun atası Saləddin Atakişiyev oğlunun xatirəsini yad etməyə gələn hər kəsə minnətdarlığını ifadə edib: "Bu gün şəhidimiz, pilotumuz Rəşad Atakişiyevin şəhid olmasının yeddinci ildönümüdür. Şəhidin atası kimi ailəmiz adından oğlumun məzarını ziyarət edən hər kəsə təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Qeyd edək ki, Rəşad Atakişiyev 2019-cu il iyulun 24-də təlim-məşq uçuşu zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.