BAKI, 11 noyabr. TELEQRAF
“Evlərdəki elektron cihazlar qeydiyyata alınacaq”, “yumurtalar sayılacaq” kimi xəbər başlıqlarının niyə narahatlıq doğurduğunu yalnız sosial medianın üzərinə də atmaq olmaz. Qərarın mahiyyəti tam açıqlanmadıqda, vətəndaşın hüquqları və məlumatların istifadə məqsədləri vaxtında izah edilmədikdə boşluğu şayiələr doldurur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında parlamentin komitə sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi və aidiyyəti qurumların əhalini məlumatlandırması vacibdir ki, ali maliyyə sənədi olan dövlət büdcəsi layihəsinə qarşı aparılan əkstəbliğata meydan açılmasın.
"Beş sahə üzrə uçotun aparılması ÜDM-in daha dürüst hesablanmasına və gələcəkdə düzgün və ünvanlı sosial siyasət məramına xidmət edir, ev təsərrüfatlarının bütün aktivlərini vergiyə, digər növ ödənişlərə cəlb etmək məqsədi daşımır. Onsuz da ünvanlı sosial yardım üçün əvvəllər hazırlanmış ərizə-bəyannamə formalarında ev heyvanlarının və digər iqtisadi aktivlərin sayı barədə ayrıca məlumat sahələri artıq mövcuddur", - Komitə sədri qeyd edib.