BAKI, 4 sentyabr. TELEQRAF

Şuşaya səfər edən bəzi turistlərin şəhərdəki qaya daşlarının üzərinə yazılar yazması kəskin etiraza səbəb olub. Ötən gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmisi Səmayə Məmmədova ictimaiyyətə müraciət edərək, uğrunda qanlar tökülmüş tarixi məkanda belə halların yaşanmaması üçün hamını birgə mübarizəyə səsləyib.

Bu, tarixi abidələrə qarşı törədilən ilk uyğunsuz davranış deyil. Dövlət qurumlarının müəyyən tədbirlər görməsinə baxmayaraq, bənzər vandalizm halları hələ də təkrarlanmaqdadır.

Mövzu ilə bağlı Teleqraf-a danışan deputat Ceyhun Məmmədov qanunvericiliyin sərtləşdirilməli olduğunu bildirib:

"Azərbaycan qanunvericiliyində dəyişiklik edilməli, bu cür əməllərə yol verən şəxslər ciddi maliyyə sanksiyaları ilə cəzalandırılmalıdır. Hallar təkrarlanarsa, daha sərt cəza tədbirləri barədə düşünməliyik".

Deputat Şuşada qeydə alınan bu mənzərəni şəhidlərin ruhuna hörmətsizlik adlandırıb:

"Bu torpaqları azad edərkən qayalara öz qanını həkk edən şəhidlərimizin ruhu qarşısında bu addım utancvericidir. Uzun illər Şuşanın azadlığını arzulayırdıq, indi isə bəzi vətəndaşlarımız gedib oradakı abidələrə ziyan vurur. Ermənilər düşmən idi, oranı məhv edirdi. Bəs özünü azərbaycanlı hesab edən şəxs bunu niyə edir? Bu əməl qətiyyətlə pislənilməlidir. Təkcə abidələr deyil, Cıdır düzündə və digər ərazilərdə zibil əlindən tərpənmək olmur. İnsanlar anlamalıdır ki, bu yanaşma qələbəmizin ruhuna ziddir".

C.Məmmədov bu əməli törədənləri Azərbaycan xalqından və şəhid ailələrindən üzr istəməyə çağırıb.