BAKI, 26 may. TELEQRAF

Teleqraf.az “Heydər Bammat arxivində Azərbaycan” adlı yeni layihəyə başlayır. Şimali Qafqazın görkəmli liderlərindən olan Heydər Bammata aid şəxsi arxivin bu yaxınlarda geniş ictimaiyyətə təqdim edilməsi azərbaycanlı tarixçilərin də marağına səbəb olub. Buna görə də agentliyimizin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədlə bu layihəyə start veririk.

***
Şimali Qafqazın müstəqillik hərəkatının parlaq simalarından biri, görkəmli dövlət xadimi, diplomat və mütəfəkkir Heydər Bammat 1890-cı ildə Dağıstanın Temirxan-Şura (indiki Buynaksk) bölgəsində anadan olub. Kiçik yaşlarında atasını itirdiyi üçün anasının himayəsi və tərbiyəsi altında böyüyən Bammat ilk təhsil illərində klassik İslam elmlərinə və ərəb dilinə dərindən yiyələnib. Ali təhsilini hüquq sahəsi üzrə tamamlayaraq 1912-ci ildə Peterburq Universitetindən məzun olub, elə həmin universitetdə hüquq üzrə doktorluq dərəcəsi alıb. Təhsilini bitirdikdən dərhal sonra doğma yurduna qayıdaraq Şimali Qafqazın müstəqilliyi uğrunda gedən siyasi hərəkatlara qoşulub, qısa müddətdə bu mübarizənin öncül liderlərindən birinə çevrilib.

Şimali Qafqaz Dağlılar Respublikası müstəqilliyini elan etdikdən sonra gənc respublikanın xarici işlər naziri vəzifəsinə təyin edilən Heydər Bammat ölkəsinin haqlarını beynəlxalq arenada qorumaq üçün böyük diplomatik fəallıq göstərib. Bu xidmətləri çərçivəsində 1918-ci ilin martında Osmanlı dövləti ilə aparılan Trabzon sülh konfransında Şimali Qafqaz nümayəndə heyətinin rəhbəri kimi iştirak etmək üçün Türkiyəyə gəlib. Siyasi fəaliyyətinin növbəti mərhələsində Azərbaycan-Şimali Qafqaz Müstəqillik Komitəsinin sədri kimi çalışan Bammat bölgənin rus işğalına məruz qalmasından sonra 1921-ci ildə geri çəkilən hərbi birliklərlə birlikdə Türkiyəyə sığınmaq məcburiyyətində qalıb. Trabzonda qısa müddət yaşayıb evləndikdən sonra Parisə köçüb.

Parisdə də müstəqillik davasından əl çəkməyən Bammat Qafqazın səsini dünyaya çatdırmaq məqsədilə altı dildə (bəzən türkcə daxil olmaqla yeddi dildə) “The Caucasus” (Qafqaz) adlı nüfuzlu bir dövri jurnal nəşr edib.

Heydər Bammatın dövlət xadimi kimi yüksək qabiliyyətini və İslama göstərdiyi xidmətləri təqdir edən Əfqanıstan kralı Nadir Şah 1925-ci ildə ona fəxri şəkildə Əfqanıstan vətəndaşlığı verib. Bu status sayəsində o, İkinci Dünya müharibəsi illərində Əfqanıstanın İsveçrədəki müvəqqəti işlər vəkili olaraq diplomatik missiyasını davam etdirib. Müharibə dövründə aktiv siyasi fəaliyyətlərdən tədricən uzaqlaşan Bammat ömrünün qalan hissəsini tamamilə İslam dini, tarixi və sivilizasiyası ilə bağlı fundamental elmi araşdırmalara həsr edib. O, fransız dilində qələmə aldığı və sonradan bir çox dillərə (o cümlədən türk dilinə) tərcümə edilən “Visages de l'Islam” (İslamın Çöhrəsi) və “Apport des Musulmans à la Civilisation” (Müsəlmanların Sivilizasiyaya Töhfəsi) kimi mühüm əsərləri ilə İslam mədəniyyətinin Qərbdə düzgün tanıdılmasına böyük töhfələr verib.

Ömrünü Qafqazın müstəqilliyinə və İslam mədəniyyətinin təbliğinə həsr edən böyük mütəfəkkir 31 mart 1965-ci ildə Parisdə vəfat edib və Paris yaxınlığındakı Bobini müsəlman qəbiristanlığında dəfn olunub. Onun ardınca qoyub getdiyi iki oğlundan biri olan Nəcməddin Bammat da sonradan atasının yolunu davam etdirərək İslam dünyasının ən tanınmış fikir adamlarından və diplomatlarından biri kimi tarixə düşüb.

Heydər Bammat arxivinin açılmasında Şimali Qafqaz əsilli türk alimi Cem Kumukun böyük rolu olub. 2025-ci ildə onun “Kafkasya Özgürlük Mücadelesi. Haydar Bammat” kitabının birinci cildi işıq üzü görüb. Bu ilin may ayında isə arxivin ictimaiyyətə tanıtımı keçirilib və tədqiqatçıların istifadəsinə təqdim olunub.

Arxivdə Azərbaycan Cümhuriyyəti və mühacirət tarixi ilə bağlı çoxlu sənədlər də yer alıb. Bu layihə çərçivəsində bir sıra materialları təqdim edəcəyik.

Azərbaycan Mili Birlik Məclisi və Abbas bəy Atamalıbəyov

Arxivdə diqqətimizi ilk çəkən II Dünya müharibəsi illərində mayor Əbdürrəhman Fətəlibəylinin təsis etdiyi Azərbaycan Milli Birlik Məclisinin görkəmli Cümhuriyyət xadimi Abbas bəy Atamalıbəyova verdiyi vəsiqədir. Bu məclis 1943-cü il noyabrın 6-da Berlində “Kayserof” mehmanxanasında Əbdürrəhman Fətəlibəylinin təşkilatçılığı ilə baş tutan Milli Azərbaycan Qurultayının aldığı qərarlar nəticəsində yaradılıb. Həmin qurultayda Abbas bəy də iştirak edib. Fətəlibəyli Azərbaycan Milli Birlik Məclisinin vəzifələrini bu şəkildə izah edib: “Bolşevizmin məhvi və müttəhid Qafqaza daxil olan müstəqil Azərbaycan dövlətinin bərpası; Bütün Qafqaz xalqları və böyük Almaniya ilə dostluqda bolşeviklərsiz və istismarçılarsız yeni Azərbaycan yaratmaq”.

Azərbaycan Milli Birlik Məclisi təsis edildikdən sonra onun Parisdə və Varşava şəhərlərində şöbələri fəaliyyətə başlayıb.

Abbas bəy Atamalıbəyov 10 mart 1896-cı ildə Şavşetiyanın Satlel kəndində dünyaya göz açıb. 1909-1913-cü illərdə Tiflis edadi (real) məktəbində təhsil alıb. 1913-cü ildə Sankt-Peterburq Politexnik İnstitutuna girib. Rusiyada baş verən inqilaba görə 1917-ci ildə ölkəsinə qayıdan Abbas bəy Azərbaycan Milli Şurasında və ardınca parlamentdə təmsil olunub. 1919-cu ilin sentyabrında Parisə ezam edilib və Sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibində katib funksiyasını yerinə yetirib. Həm də Cümhuriyyət tələbəsi olan Abbas bəy Parisdə 1923-cü ildə Paris Siyasi Elmlər İnstitutunu bitirib.

Rusiya Azərbaycanı işğal etdiyi üçün vətəninə qayıda bilməyən Abbas bəy mühacirətdə aktiv siyasi rol oynayıb, Prometey hərəkatının fəallarından olub.

1941-1945-ci illərdə Almaniyada yaşayan Atamalıbəyov Fətəlibəyli ilə birlikdə hərəkət edib, yuxarıda bəhs etdiyimiz qurultayın açılışında nitq söyləyib: “Uzun bir fasilədən sonra azəri türkləri yenidən səslərini ucaltmaq və xalqımızın nəsillərinin uğrunda vuruşduqları milli idealları gur səslə söyləmək imkanına malik olmuşlardır... Tezliklə biz azad edilmiş xoşbəxt vətənimizdə öz əziz qohumlarımız və yaxın dostlarımızla görüşəcəyik... Azərbaycan xalqının öz ənənəvi idealları uğrunda mübarizəsi mütəşəkkil olmalıdır. Yalnız bütün qüvvətlərimizin milli birlik ideyası ətrafında sıx sıralarla və intizamla toplanması bizi milli ideallarımızın təntənəsinə və vətənimizin gələcək xoşbəxt həyatına apara bilər... Azərbaycanlıların müstəqil həyat sürmək və öz doğma torpaqlarının azad sahibləri olmaq tələbi müqəddəs və parçalanmaz bir haqdır... Yaşasın müstəqil Azərbaycan!”

Abbas bəy bu dövrdə Azərbaycan qərargahının diplomatik-siyasi işlərini həyata keçirib. Azərbaycanın yenidən azadlığı uğrunda apardıqları mübarizəyə görə Cümhuriyyət zabitlərindən Cahangir bəy Kazımbəyli ilə birlikdə Azərbaycan Milli Birlik Məclisinin təsis etdiyi Bozqurt ordeninə layiq görülüb.

Abbas bəy Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə alman əsirliyində olan azərbaycanlıların saxlanma şəraitinin yaxşılaşdırılması, müharibədən sonra isə onların yaşamaq üçün Türkiyəyə göndərilməsi sahəsində xidmətləri ilə də fərqlənib. Bu fəaliyyəti haqqında xatirələrində müəyyən qeydlər verib: “1942-ci ilin iyun ayınadək işğal olunmuş Parisdə qalaraq mən alman komandanlığı ilə heç bir əlaqədə olmadım. Məhz 1942-ci ilin iyun ayında, Baron Şulenberqin dəvəti ilə (mən onu hələ Qafqazdan tanıyırdım. O dövrdə Tiflisdə baş konsul işləyirdi, 1944-cü ildə Hitlerə sui-qəsd edənlərin içərisində aktiv olduğu üçün edam edildi) mən Berlinə getdim və orada Türkiyədən gələn və Almaniyada olan həmvətənlərimlə görüşdüm. Onların xahişi ilə mən haqqında söhbət gedən məsələ ilə məşğul olmağa başladım. 1941-ci ilin qışında əsir düşərgələrində olan azərbaycanlıların sayı 45 minə yaxın idi. Mən bir neçə dəfə Almaniyaya getdim. Bir çox həbs düşərgələrini gəzə bildim, müxtəlif yerlərdə və əksər hallarda mən öz həmvətənlərimi tapa və onların həyatını xilas edə bildim...”

Vəzifəsi: Diplomat

Abbas bəy mühacirət hökuməti kimi fəaliyyət göstərən Azərbaycan Mili Birlik Məclisinə 6 oktyabr 1944-cü ildə Fətəlibəylinin imzası ilə qəbul edilib. Bammat arxivindəki vəsiqədə aşağıdakı məlumatlar qeyd olunub:

Famili: Atam-Alibekov

Adı: Abbas

Atasının adı: Seyfulla

Doğulduğu il: 29.9.1896

Doğulduğu yer: Bakı

Vəzifəsi: Diplomat.

Şəxsi imza:

Fotoşəkil.

II. Dünya müharibəsinə aid bir çox sənədlərdə olduğu kimi burada da bəzi yanlışlıqlar bilərəkdən verilib. Professor Ədalət Tahirzadənin Abbas bəy haqqında əldə etdiyi arxiv sənədləri onun doğum tarixi, məkanı haqqında ən düzgün bilgilərdir ki, yuxarıda onlardan istifadə olunub.

Vəsiqənin bir üzündə Azərbaycan bayrağını daşıyan legion (könüllü) ordusunun, eləcə də ay-ulduz, qılınc-qalxan təsvirləri verilib. Yuxarı qismində isə Fətəlibəylinin məşhur cümləsi qeyd olunub: “Azərbaycanı azəri türkləri idarə etmiş və yenə də idarə edəcəklər”.

Vəsiqənin arxa üzündə isə Azərbaycan bayrağının təsviri verilib.

Şübhəsiz ki, bu vəsiqə Cümhuriyyət xadiminin mühacirətdəki fəaliyyətini göstərən mühüm bir sənəddir.