ZƏNGİLAN, 13 mart. TELEQRAF
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası başa çatıb.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev görülən işlər və cari məsələlər haqqında danışıb.
AMEA-nın vitse prezidenti, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru İradə Hüseynova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri haqqında çıxış edib.
“Böyük qayıdışa dair I Dövlət Proqramı” üzrə həyata keçirilən ekoloji fəaliyyətlər və “Böyük qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi üzrə təklif edilən tədbirlər haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin sektor müdiri Amil Sefiyev və həmin şöbənin baş məsləhətçisi Murad Şahverdiyev danışıb.
Qeyd edək ki, iclasda bir sıra mövzular müzakirə edilib.
***
12:24
Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edir.
İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilırinin fəaliyyətinin bərpası və yeni yaradılan milli parklar haqqında, bu ərazilərin biomüxtəlifliyi, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri haqqında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə həyata keçirilən ekoloji fəaliyyətlər və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihəsi haqqında, Oxçuçayın suyunun keyfiyyətinin təbii və antropogen təsirlər altında dinamikası haqqında iclas iştirakçılarına məlumat verilmişdir. İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə ediləcək.