BAKI, 24 fevral. TELEQRAF
Ötən əsrin birinci rübündə İrəvan bölgəsindən Türkiyəyə köç edən azərbaycanlılar bu ölkədə tərcüməçi, musiqişünas, mətbəəçi, qəzetçi, müəllimlik və digər sahələrdə özlərini sınayıb, kifayət qədər uğur qazanıblar. Onlar arasında Əli Aran, Qafar Güney, Çingiz Ekinci, Mehmet Türkel, Fuat Araslı və digərləri xüsusi rol oynayıblar. Əslən İrəvandan olan bu şəxslərdən biri də Türkiyədə qarmon ustası və xalq musiqişünası kimi tanınmış İslam Özinanır adlı şəxsdir.
Ankaradakı məzarlıq sistemindəki bilgilərə görə İslam bəy rumi təqvimlə 1333-cü ildə doğulub. Atasının adı Əli, anasınına dı Rübabə olub. Məzar daşında doğum tarixi miladi 1917-ci il göstərilib. Tədqiqatçı Cumhur Turanın yazdığına görə, İslam bəy 1918-ci ildə İrəvanda doğulub, bölgədəki hadisələrdən dolayı ailəsi Bakıya köçüb. Bir müddət Bakıda qaldıqdan sonra Qarsın Akyaka (Kızılçakçak) qəsəbəsinə yerləşiblər. Kiçik yaşlarından etibarən musiqiyə maraq göstərib, qarmon ustası Məhəmməd oğlu Seyiddən dərs alıb. El şənliklərində iştirak etməklə yanaşı müxtəlif işlərdə çalışıb. Əvvəlcə Qars, daha sonra Ankara bələdiyyəsində işləyib, buradan təqaüdə çıxıb. 1944-cü ildə oğlu Tuncer, 1945-ci ildə Gencer dünyaya gəlib. Hər iki övladı da atalarının yolunu davam etdiriblər. Şenay adlı qızı da olub.
.jpg)
Türkiyə milli kitabxanasının arxivində yer alan bir afişadan bəlli olur ki, Yenişehir Özdemir Yücel teatrında Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” əsəri oynanılıb. Operettanı səhnəyə qoyan Özdemir Yücel, musiqisini hazırlayan isə İslam Özinanır olub.
İslam bəyin ifa etdiyi əsərlər Qarsda fəaliyyət göstərən “Sevinç plak” şirkətində işıq üzü görüb. Bu firmaya aid olan şəxsi arxivimizdəki bir valda “Şeyx Şamil” və “Tərəkəmə. Gəlin havası” musiqilərinin yazıldığını görürük. İslam bəyi dövrün ifaçılarından Adil Dönməz və Seyfi Aras müşayiət ediblər.
İslam bəy “Azərbaycan Folklor Qrupu”nun şefi olub, bu qrupa aid müxtəlif oyun havalarının olduğu “Şeyx Şamil” adlı plastinka da çıxarıb. Şəxsi arxivimizdəki həmin plastinkada qrupun şefi olaraq İslam bəyin, solist kimi isə Müjgan xanımın adı qeyd olunub. Valda “Şeyx Şamil”, “Zümrüdü”, “Dözərəm”, “Ayrılıq”, “Mərcani”, “Söyüdlər” və digər əsərlər yer alıb. Solist Müjgan Ergil Cumhur Turana danışdığı xatirəsində İslam bəyi Ankarada Türk Ocağında tanıdığını, il yarım onunla birlikdə çalışdığını bildirib.
Azərbaycan dərnəkləri ilə əlaqəsi
İslam bəy Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin gecələrində iştirak edib, ifası ilə rəng qatıb. Məsələn, Azərbaycanı Tanıtma Dərnəyi 17 fevral 1968-ci ildə Ankarada “Bulvar Palas” hotelində “İkinci Böyük Azərbaycan Gecəsi” təşkil edib. Tədbirdə “Mustafa Kamal paşa” türküsü oxunub, “Şeyx Şamil”, “Tiflisi”, “Kılıç”, “Tərəkəmə” və s. rəqslər oynanılıb. Gecədə Səlahəddin Kılıçın rəhbərliyində 9 qız, 9 oğlandan ibarət folklor qrupu Azərbaycan xalq rəqslərini ifa ediblər. Qarmonçu İslam Özinanır, Qarsdan gələn klarnetçi Seyfi Aras, İstanbuldan gətirilən nağaraçı Hüseyn Kərimli və Tuncer Özinanır folklor qrupunu müşayiət edib. Ardınca Ankara Maarif Kollecinin 10 nəfərlik Qafqaz qrupu rəqs edib.
“Kars Eli” jurnalının 15-ci sayında İslam bəy “Xoş gəlişlər ola, Mustafa Kamal paşa” türküsü haqqında qısa məlumat verib, azərbaycanlı sənətkarların hazırladıqları mahnının sözlərinin tam mətnini dərc etdirib.
.jpg)
Oğlu Gencer Özinanırın dediyinə görə, İslam bəy notları yaxşı bilib, bəstələri mövcuddur. Bakı radiosundan ifalarını dinlədiyi Kor Əhəd, Teyyub Dəmirov, Məmmədağa Ağayev, Qızxanım Dadaşova, Abbas Abbasov kimi azərbaycanlı musiqiçilərdən bəhrələnib.
İslam bəy 7 mart 1982-ci ildə vəfat edib, Ankarada Karşıyaka məzarlığında dəfn olunub. Məzar daşında azərbaycanlı olduğu yazılıb.