BAKI, 20 aprel. TELEQRAF
Sumqayıtda dəm qazından zəhərlənən və virus aşkarlanan ailədəki uşaqlardan sonuncusu da evə buraxılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edilib ki, azyaşlı aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailədə 6 nəfər dəm qazından zəhərlənib. Ailənin bütün üzvləri evə buraxıldıqdan sonra dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdiriliblər. Aprelin 3-də uşaqlardan biri ölüb.