BAKI, 12 fevral. TELEQRAF

Fevralın 11-də Şirvan Apellyasiya Məhkəməsinin 2025-ci ildə fəaliyyətinə dair Rəyasət Heyətinin iclası keçirilib.

Teleqraf-ın xəbərinə görə, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Çingiz Əsgərov, Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Vidadi Cəfərov, Mülki kollegiyasının hakimi Aqil Abbasov, Kommersiya kollegiyasının hakimi Bəhman Qəribov, İnzibati kollegiyasının hakimi Rahib Nəbizadə, habelə Şirvan Apellyasiya Məhkəməsinin hakimləri və ərazi yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin sədrləri iştirak ediblər.

İclasda çıxış edən Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası tərəfindən görülmüş tədbirlər və həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat vermiş, ötən ilin məhkəmə hakimiyyəti üçün kifayət qədər məhsuldar və səmərəli olduğunu diqqətə çatdırıb.

Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev məhkəmədə 2025-ci il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyəti ilə bağlı statistik göstəriciləri iclas iştirakçılarının diqqətinə çatdırıb, həmin göstəricilərin 2024-cü illə müqayisəli təhlilini aparıb.

Gündəliyə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının sədri Elçin Xasməmmədov, Mülki kollegiyasının sədri İlham Əsədov, Kommersiya kollegiyasının sədri Tale Kərimov və İnzibati kollegiyanın sədri vəzifəsini icra edən Fikrət Hüseynovun məruzələri dinlənilib.

İclasda həmçinin Ali Məhkəmənin hakimləri - Aqil Abbasov, Vidadi Cəfərov, Rahib Nəbizadə və Bəhman Qəribov çıxış edərək kassasiya qaydasında baxılan mülki, cinayət, inzibati və kommersiya işləri üzrə müəyyən edilmiş xarakterik pozuntular, məhkəmə aktlarının ləğv edilməsinin əsasları və ayrı-ayrı işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumat veriblər.

Çıxışlarda eyni zamanda qarşıda duran vəzifələr diqqətə çatdırılmış, gələcəkdə mümkün neqativ halların qarşısının alınması məqsədilə müvafiq tövsiyələr irəli sürülmüş və vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində təkliflər səsləndirilib.