BAKI, 10 fevral. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.

Bu barədə Teleqraf-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, ötən il oktyabrında Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran Nostra Aetat sənədinin 60-cı ildönümü münasibətilə Vatikanda təntənəli yubiley tədbirində Pontifiklə ilk görüşlərini xatırladan Şeyxülislam A. Paşazadə Roma Papasının şəxsi dəvəti əsasında baş tutan budəfəki görüşün xüsusilə əlamətdar olduğunu vurğulayıb. Dəvətə görə təşəkkürünü bildirən QMİ sədri Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Şeyxülislam A. Paşazadə Bakıda inşa olunan və Papa II İohann Pavelin adını daşıyacaq ikinci katolik kilsəsinin açılışına Papa XIV Leonun təşrif buyurmasını arzu etdiyini ifadə edib. O, Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası adından Azərbaycana dəvət məktubunu Roma Papası XIV Leoya təqdim edib.