BAKI, 7 fevral. TELEQRAF
Azərbaycanın hərbi attaşesi, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Zeynalov Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsində həlak olmuş hərbi qulluqçuların Kayseri və Kahramanmaraş vilayətlərindəki ailələrini ziyarət edib.
Teleqraf xəbər verir ki, general-mayor Zaur Zeynalovu Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri müşayiət ediblər.
Hərbi attaşe Kayseri vilayətində şəhid mayor Serdar Uslunun ailəsi ilə söhbətində Azərbaycanın iki qardaş ölkənin qəhrəmanları arasında fərq qoymadığını vurğulayıb.
Vətən Müharibəsi Qəhrəmanı, həmçinin Türkiyə Silahlı Qüvvələrinin şəhid mayoru Nihat İlgen, baş gizir Nuri Özcan və gizirlər Ümit İncə və Burak Özkanın ailələrini də ziyarət edib.
Azərbaycanın hərbi attaşesi şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək qeyd edib ki, hər bir hərbçi Vətən uğrunda canından keçməyə hazırdır.
Vətən Müharibəsi Qəhrəmanı şəhidlərin Azərbaycan və Türkiyənin hər bir vətəndaşı üçün igidlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb. İki ölkə arasında qardaşlığın və birliyin sarsılmazlığının rəmzi olaraq, qəhrəmanların ailələrinə Azərbaycan Bayrağı təqdim edilib.
Kayseri vilayətində Azərbaycanın hərbi attaşesi, həmçinin qəhrəmanların xidmət etdiyi Türkiyə Silahlı Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Bazasını ziyarət edib və bölmə komandanlığına başsağlığı verib.
General-mayor Z. Zeynalov Kahramanmaraş vilayətinə də səfər edib, orada gizir Emre Altınokun xatirəsi yad olunub. İki qardaş ölkənin şəhidlərinin ruhuna dualar oxunub.
Həlak olan qəhrəmanların ailələri və yaxınları şəhidlərin xatirəsinə göstərilən diqqətə görə Azərbaycan rəhbərliyinə və xalqına minnətdarlıqlarını bildiriblər.