BAKI, 27 yanvar. TELEQRAF
1919-cu ilin əvvəli.
İstanbul işğal altındadır.
Tiflisdə fəaliyyət göstərən azərbaycanlı aktyor heyəti bu şəhərə doğru yola düşür. Məqsədləri Azərbaycan teatrını, musiqisini Osmanlı paytaxtında səhnəyə qoymaqdı.
Tiflis Türk Teatrı XIX əsrin ikinci yarısında formalaşmış, növbəti əsrin əvvəlində isə xeyli inkişaf etmişdi. Tiflisdəki fəaliyyətləri türk konsulluğunun da diqqətini çəkmiş, İstanbulda tamaşa verməsini istəmişdilər. Heyətin özü də Gürcüstandakı təhlükələrdən sovuşmaq üçün bu işdə maraqlı idi.
Təklif qəbul edilmiş və heyət yola düşmüşdü. Səyahətin necə keçdiyini truppanın üzvlərindən Mustafa Mərdanovun xatirələrindən oxuyaq:
“Tiflisdən də çox pis xəbərlər alırdıq, “Molla Nəsrəddin” jurnalının məşhur əməkdaşlarından Mirzə Əliqulu Nəcəfov (Qəmküsar) gecə yarısı öz qapısını açmaq istəyərkən gürcü menşevikləri onu “küçə oğrusu bilib”, arxadan iki güllə ilə vurub öldürmüşdülər. Belə bir şəraitdə Gürcüstanda teatr tamaşaları vermək çox çətin olduğundan, biz Türkiyəyə getməyi qərara aldıq. Çox çətinliklə də olsa, Batumdakı Türkiyə konsulxanasından viza (icazənamə) alıb İstanbula yola düşdük...
Səkkizinci gün gəlib İstanbula çatdıq. İstanbul düşmənə təslim olmuş bir şəhərə bənzəyirdi. Şəhərdə amerikan-ingilis hərbi müdaxiləçiləri ağalıq edirdilər... İstanbulun bir rayonundan o birinə getmək üçün yerli əhali günlərlə müdaxiləçilərin qərargahlarının qapısında dayanıb icazə istəyirdi. Bir gün gördük ki, qərargahlardan birindən jandarmalar əllərində rezin qamçı çıxıb, gözləməkdən gözlərinin kökü saralmış türkləri döyməyə başladılar. Biz, bir neçə yoldaş, özümüzü saxlaya bilməyib türkləri müdafiə etməyə başladıq; bu, müdaxiləçilərin xoşuna gəlmədi, bizi bir neçə polis nəfərinin qabağına salıb qərargaha apardılar. Burada bizdən bir kəlmə belə soruşmadan döyməyə başladılar. Mənim başımda tələbə şapkası olduğundan döymədilər, ancaq yoldaşım İbrahim İsfahanlını o qədər vurdular ki, qolundakı saat çilik-çilik oldu. Bir kəlmə danışıb haqqı müdafiə etmək istəyənlərlə azğınlar bu cür rəftar edirdilər. Bir gün xəbər gəldi ki, yunanlar amerikan və ingilislərin köməyi ilə İzmiri tutmuş və yerli əhalini qırmışlar. İstanbul yasa batdı. Bəyazid meydanında böyük bir mitinq oldu; hamının gözü tribunada idi. Birinci söz məşhur türk yazıçısı Halidə Edibə verildi. O dedi: “Mən bədbəxt bir türk anasıyam, müdaxiləçilərə qarşı vuruşda balasını qurban verməmiş az ana tapılar, biz yenə qurban verməyə hazırıq”.
.jpg)
Qafqazın ən məşhur operettası
Heyətin İstanbula gəlişi Türkiyədə qısa zamanda böyük maraq yaradıb. “Tasvir-i Efkar” qəzetinin 20 yanvar 1919-cu il tarixli sayında İstanbulun bir neçə teatrında (Tepebaşı Kışlık, Millet, Kuşdili) Qafqazın ən məşhur operettalarından “Məşhədi İbad”ın oynanılacağı xəbəri verilib. “Sabah” qəzeti də 25 yanvar tarixli nömrəsində rejissor Mirseyfəddin Kirmanşahlının rəhbərliyi ilə “Məşhədi İbad”ın səhnəyə qoyulacağını yazıb. “Ati” qəzeti isə 27 yanvar sayında tamaşanın mənfi və müsbət tərəflərindən yazıb. Digər qəzetlər də eyni səpkidə “Arşın mal alan”ın ilk dəfə səhnəyə qoyulmasından bəhs edib, digər əsərlərin elanlarını mütəmadi olaraq verib.
Mustafa Mərdanov xatirəsində ilk tamaşaları haqqında maraqlı bilgilər qələmə alıb:
“Birinci tamaşamızı (“Arşın mal alan”) Sirkəcidə “Millət teatrı”nda verdik. Onu da deməliyəm ki, qadınlar o vaxt axşamlar nə teatra buraxılırdılar, nə də kinoya. Ona görə afişalarda həmişə belə bir yazıya təsadüf etmək olurdu: “Gündüz xanımlara, gecə əfəndilərə məxsus”.
Teatr müdiri Aleksan əfəndi ilə bina üçün müqavilə bağladıqda orada bir “maddəyə” təsadüf etdik: “Bufetçinin işinə qarışmayın!” Düşündük ki, bufetçi ilə bizim nə əlaqəmiz, qoy nə istəyir eləsin. Ancaq sonra bu maddənin nə demək olduğunu başa düşdük.
Tamaşa yenicə başlamışdı. Tamaşaçılar bizə diqqətlə qulaq asırdılar. Bir də gördük ki, salonun qapıları taybatay açıldı, bufet xidmətçiləri əllərində limonad şüşələri, dondurma içəri girib, butulkaları cingildədirərək ucadan: “Hərarət yatızdıran qazoz (limonad), xanımların ürəyini sərinlədən dondurma, ay qazoz gəldi ha!” — deyə bağırmağa başladılar. Lap mat qaldıq. Tamaşanın rejissoru Kirmanşahlı tələsik yüyürdü bufetə, bufetçi ona heç əhəmiyyət də vermədi. Kirmanşahlı deyəndə ki, “ay canım, nə edirsiniz, tamaşa gedir, nə üçün səs salırsınız?” bufetçi sakitcə cavab verdi: “Xahiş edirəm ticarətimizə mane olmayın!”
Getdik teatr müdiri Aleksan əfəndinin yanına, o da dedi: “Müqaviləyə baxın, orada aydın yazılıb ki: “Bufetçinin işinə qarışmayın!” Nəhayət biz bu “maddə”nin məzmununu başa düşüb, teatr xərcindən əlavə bufetçiyə də gündə beş lirə verməli olduq”.
İlk tamaşa uğurla keçib. Əsgər rolunu Mirseyfəddin Kirmanşahlı, Gülçöhrəni Vera Arsen, xala rolunu N. Kaftaradze, Vəli rolunu Möhsün Cəfərov (Sənani), Süleymanı İbrahim İsfahanlı, Tellini Asya xanım, Asyanı Nina xanım, Sultan bəyi isə Mustafa Mərdanov oynayıb.
Türk mətbuatında heyətin oyunları haqqında mütəmadi məlumatlar verilib, eləcə də heyət haqqında bəzi maraqlı bilgilər təqdim olunub.
8 fevral 1919-cu il tarixli “Zaman” qəzetində Hüseyn Fahri imzası ilə “Azərbaycan teatrı” adlı geniş məqalə dərc edilib. Yazıda türk tamaşaçının teatr truppasını çox böyük maraqla qarşıladığı, aktyorların uğurlu olduqları bildirilib:
“Xalqımızın bu pyesləri bu qədər zövq və maraqla izləməsində son illərə aid siyasi hadisələrin də böyük təsiri vardır. Bu nəcib Türk məmləkətində güclü bir həyat toxumunun cücərməkdə olduğunu artıq eşidir, bu insanlara qarşı gizli bir cazibə duyurduq. Son bir il ərzində isə Azərbaycanla birbaşa münasibətlərimiz oldu. Vətəndaşlarımızdan bir çoxu bu məmləkəti yaxından gördü və orada inkişaf edən həyata dair çox ümidverici xəbərlərlə geri döndü. Eləcə də şəhərimizdə bu məmləkətin möhkəm və saf ruhlu övladlarından bir neçəsini şəxsən tanıdıq. Mülayim çöhrələri, qədim bir keçmişin xatirəsi kimi qulağımıza xoş gələn ləhcələri ilə onları sevməmək mümkün deyildi. Bu səbəblərə görə xüsusiyyətlərini bu qədər maraqla gözlədiyimiz Azərbaycan həyatını gözümüz önündə canlandıracaq bir teatr heyətini böyük məmnuniyyətlə qarşılamamız təbii idi... Azərbaycan teatrı aktyorlarının peşələrinə son dərəcə ciddi yanaşdıqları hər hallarında açıq-aydın görünür. İndiyə qədər təqdim etdikləri əsərlər operetta növündə bir sıra yüngül əsərlər olduğu üçün istedad və qabiliyyətləri haqqında hələlik qəti fikir yürütmək mümkün olmayıb. Lakin çox aydın şəkildə nəzərə çarpan bir üstünlükləri vardır ki, o da sənətlərindəki sadəlik və saflıqdır. Süni hərəkətlər, zorla yaradılmış saxtalıqlar, gülünc ifratçılıqlar onlarda görünmür. Hər əsəri mənsub olduğu mühitə nisbətən qiymətləndirmək pis üsul sayılmaz. Azərbaycan sənətkarlarını bu baxımdan olduqca orijinal və yaradıcı hesab edir və pis bir Avropa təqlidçiliyinə düşmədiklərinə görə təqdir edirik… Ardıcıl bir neçə dəfə uğurla nümayiş etdirilən “Məşhədi İbad” opereti də xoş bir əsərdir… İbad rolunu oynayan Yüzbaşızadə olduqca əyləncəli bir tip canlandırır. Operetdə hadisə ilə birbaşa əlaqəsi olmayan bir hambal rolu vardır ki, bu rol komediya içində ayrıca gözəl bir komediya yaradır. Bu rolu ifa edən Cəfərzadənin uğuru təbrikə layiqdir. İstanbulumuzun bu qonaq truppanı layiq olduğu əhəmiyyətlə dəyərləndirməsini və bu xoş və əyləncəli şərq ləhcəsini onların dilindən dinləməsini arzu edirik”.
.jpg)
Heyət təkcə Üzeyir Hacıbəylinin əsərlərini deyil, müxtəlif pyesləri də səhnəyə qoyublar. Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, “Ac həriflər”, “Ağa Məhəmməd şah Qacar”, “Pəri Cadu” Zülfüqar Hacıbəylinin “Əlli yaşında cavan”, Nəcəf bəy Vəzirovun “Hacı Qənbər” və digər əsərləri oynayıblar. Heyət haqqında ən çox xəbər dərc edən “Tamaşa” dərgisi olub. Dərginin 1 mart 1919-cu il tarixli sayında aktyorların şəkilləri verilib, ifaları haqqında dəyərləndirmə verilib.
Türkiyənin gələcəkdə məşhur rejissorlarından olan Möhsün Ərtoğrul da “Tamaşa” dərgisində aktyorlarımız haqqında geniş məqalə yazıb, öz təsbitlərini ifadə edib:
“…Azərbaycanlılar istər qüdrətli, istərsə də qeyri-qüdrətli olsunlar, bizə Qafqazın o tayından, soydaşlarımızdan sənət əsərləri gətirirlər. Dillərini, zövqlərini, musiqilərini, rəqslərini heç olmasa adi bir maraq və təəccüb hissi ilə görməli olduğumuz halda, demək olar ki, tamamilə laqeyd qalınır. Bu son hadisə İstanbulun hər cür sənət zövqünə qarşı gözlərinin kor, qulaqlarının isə kar olduğunu sübut etməyə kifayətdir. Biz əvvəldən bəri özümüzünküləri deyil, başqalarının hər şeyini alqışlayar, təqdir edər kimi görünür, lakin öz əməyimizi bir cür qəbul etmək istəmirik. Bizim özümüzə məxsus sağlam bir zövqümüz yoxdur... Özümüzdə olan gözəlliyi görə bilmək üçün mütləq bir başqasının bizi xəbərdar etməsi lazımdır. Azərbaycanlılar buna görə mütəəssir olmamalıdırlar. Çünki onların vəzifəsi yuxuda olan bir diyarın xalqına bir az zövq, bir az sevinc, bir az sənət, bir az gözəllik aparmaqdır. Onlar bunların hamısını bizə kifayət qədər gətirdilər. Min təşəkkür edirik”.
Türkiyənin məşhur yazıçısı Rəşad Nuri Güntəkin də “Böyük məcmuə”nin 6 mart 1919-cu il tarixli sayında “Azərbaycan teatrı” adlı məqalə yazıb, heyətin tamaşaları haqqında fikirlərini bölüşüb: “Azərbaycan türkcəsini Azərbaycan aktyorlarının ağzından eşitmək bir zövqdür. Qulağımıza məmləkətimizin bəzi qismlərində danışılan türkcədən daha munis və şirin gələn bu ləhcəni Azərbaycan teatrı üçün zərərli hesab edənlər, fikrimizcə, doğru düşünmürlər. Ən mənasız söz onların dili ilə tələffüz ediləndə də xoş olur. Məsələn, “maymun sensin” sözünü Məşədi İbadın uzadaraq, qəribə bir ahəng verərək “meymun sənin özünsən” deyə tələffüz etməsi var ki, gülməmək mümkün deyil”.
.jpg)
M. Mərdanov xatirəsində heyətin İstanbulun iki hissəsində də mütəmadi tamaşa göstərmələrinin səbəbini izah edib: “Axşam saat ondan sonra İstanbulun bir rayonu ilə o biri rayonu arasında dəniz nəqliyyatı rabitəsi kəsildiyindən eyni bir tamaşanı beş rayonda (Beyoğlu, Sirkəci, Kadıköy, Üsküdar, Qalata) təkrar etməli olurduq. “Arşın mal alan” böyük müvəffəqiyyət qazandığı üçün onu 11 ay ərzində 43 dəfə oynadıq... Truppamızın heyəti — M. S. Kirmanşahlı, Ə. Yüzbaşov, İ. İsfahanlı, M. Sənani, Həsən Səbri, Paşa Məmmədov, Həsən Qasımov, Tərlan xanım, C. Cəfərov, N. Kaftaradze, Asya xanım, Vera Arsen və başqalarından ibarət idi. Tamaşalarımızın şöhrəti bütün Türkiyəyə yayılmışdı. İzmirdən, Bursadan da dəvətnamələr alırdıq”.
Heyətin İstanbulda oynadığı bir tamaşada isə gözlənilməz hadisə olmuşdu. Heyət üzvlərinin xatirələrində və “Tamaşa” dərgisində yer almış bu hadisənin qəhrəmanı isə türkiyəli bir erməni idi...
Davamı var...