BAKI, 27 yanvar. TELEQRAF

Orta Atlantik silsiləsindən qərbdə yerləşən sualtı dağın zirvəsinə yaxın ərazidə kələ-kötür relyef ucalır. Bu, Atlantida massivində yerləşən dəniz qələvi hidrotermal mənbələrindən ibarət “İtmiş şəhər” adlı hidrotermal sahədir.

Teleqraf xəbər verir ki, bu barədə “ScienceAlert” yazır.

“İtmiş şəhər”dəki “qüllələrin” hündürlüyü çox kiçik ölçülərdən tutmuş 60 metr hündürlüyündə əzəmətli monolitə qədər dəyişir. Alimlər bu hidrotermal sahəni ilk dəfə 2000-ci ildə dəniz səthindən 700 metrdən çox dərinlikdə aşkar ediblər. Bu hidrotermal sahə okeanda məlum olan ən uzunömürlü ekosistem hesab olunur. Bu günədək buna bənzər başqa obyekt tapılmayıb.

Ən azı 120 min il ərzində dünyanın bu hissəsində mantiya dəniz suyu ilə reaksiyaya girərək okeana hidrogen, metan və digər həll olmuş qazlar buraxıb. Sahənin çat və yarıqlarında karbohidrogenlər, hətta oksigenin olmadığı şəraitdə belə, mikrobioloji populyasiyaları qidalandırır.

Ərazidə çoxlu ilbizlər və xərçəngkimilər yaşayır. Xərçənglər, krevetlər, dəniz kirpiləri və ilanbalıqları kimi daha iri canlılara isə nadir hallarda rast gəlinir, amma onlar da mövcuddur.

Tətqiqatçılar 2024-cü ildə “İtmiş şəhər” hidrotermal sahəsindən uzunluğu 1268 metr olan rekord ölçülü mantiya süxuru nüvəsinin çıxarıldığını elan ediblər. Alimlərin fikrincə, bu nüvə milyardlarla il əvvəl Yer üzündə həyatın necə yarandığına dair minerallarda qorunub saxlanmış mühüm sübutlar təqdim edə bilər.

“İtmiş şəhər”in mənbələrində əmələ gələn karbohidrogenlər atmosferdəki karbon qazı və ya Günəş işığından deyil, dərin dəniz dibində baş verən kimyəvi reaksiyalar nəticəsində yaranıb. Karbohidrogenlər həyatın əsas tikinti blokları olduğuna görə, bu fakt həyatın məhz belə bir mühitdə əmələ ola biləcəyi ehtimalını açıq saxlayır.

“Bu, hazırda Saturnun altıncı ən böyük peyki olan Enselad və ya Yupiterin peyki Avropada aktiv ola biləcək bir ekosistem növünün nümunəsidir. Hətta bəlkə də vaxtilə Marsda da mövcud olub”, - Smitson İnstitutundan mikrobioloq Uilyam Brezelton və Anna Kusmer deyirlər.

Alimlər həmçinin müəyyən ediblər ki, “İtmiş şəhər”in ekosistemi sualtı vulkanik mənbələrdən fərqli olaraq, maqmanın temperaturundan asılı deyil. Bu hidrotermal sahədə hidrogen və metan istehsalı 100 dəfəyə qədər çoxdur.

Tədqiqatçılar ən hündür monoliti yunan dəniz tanrısının şərəfinə Poseydon adlandırıblar. Onun hündürlüyü 60 metrdən artıqdır.

“İtmiş şəhər” təkcə alimlərin diqqətini çəkmir. 2018-ci ildə Polşanın bu ərazinin ətrafındakı dərin dəniz zonasında faydalı qazıntıların çıxarılması hüququ əldə etdiyi açıqlanmışdı. Hidrotermal sahənin özündə hasil edilə biləcək qiymətli resurslar yoxdur. Amma alimlər xəbərdarlıq edirlər ki, “İtmiş şəhər”in ekologiyasının pozulması gözlənilməz nəticələrə gətirib çıxara bilər.

Tədqiqatçıların fikrincə, faydalı qazıntıların çıxarılması zamanı yaranacaq istənilən tullantı və ya axıntılar bu heyrətamiz yaşayış mühitini asanlıqla məhv edə bilər. Buna görə də bəzi mütəxəssislər “İtmiş şəhər”in Ümumdünya İrsi siyahısına salınmasına çağırırlar.