BAKI, 26 yanvar. TELEQRAF
Kambocada vəfat edən ANAMA əməkdaşının nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA-nın minaaxtaran it bələdçilərindən biri Orxan Məhərrəmov səhhətində yaranan kəskin problemlə əlaqədar cari ilin 14 yanvar tarixində həmin ölkədə xəstəxanaya yerləşdirilib. O, 18 yanvar tarixində isə Malayziyadakı ixtisaslaşmış xəstəxanaya təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq əməkdaşın həyatını xilas etmək mümkün olmayıb və 25 yanvar tarixində vəfat edib.
"Bir neçə gün öncə Malayziyaya ezam olunan ANAMA əməkdaşları Orxan Məhərrəmovun nəşinin ölkəmizə gətirilməsi üçün Malayziyadakı Səfirliyimizin dəstəyi və sözügedən təlimlərin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirilir",- məlumatda qeyd olunub.
***
14:43
Kamboca Krallığında keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dair beynəlxalq təlimlərdə iştirak edən ANAMA əməkdaşı Orxan Məhərrəmov səhhətində yaranan problemlə əlaqədar vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.