BAKI, 26 yanvar. TELEQRAF
"Disleksiya öyrənmə çətinliyi, normal, üstün zəka və normal öyrənmə şəraitinə malik olmasına baxmayaraq yetərli şəkildə öyrənə bilməyən fərdləri müəyyən etmək üçün sıx istifadə edilən bir termindir. Hər şagirdin kurikuluma eyni sürətdə uyğunlaşa bilməməsi də bunun əsas göstəricilərindəndir".
Bu sözləri Teleqraf-a açıqlamasında disleksiya üzrə mütəxəssis Təranə Möhsünova deyib.
Onun sözlərinə görə, disleksiya, oxu və yazı bacarıqlarında spesifik çətinliklər ilə xarakterizə olunan nevromüxtəliflikdir və xəstəlik deyil.
“Son illərdə aparılan tədqiqatlar göstərir ki, disleksiya genetik və neyromüxtəliflik faktorları ilə sıx əlaqəlidir. Azərbaycanda bir çox uşaq disleksiyadan əziyyət çəkir, lakin onların böyük əksəriyyətinin sosial mühitdən və məktəb resurslarından aldığı dəstək fərqli ola bilər. Disleksiya mənşəyi neyrobioloji olan, əsasən sözlərin düzgün və səlis oxunması, dekodlaşdırma və orfoqrafiya bacarıqlarında çətinliklərlə xarakterizə olunan xüsusi öyrənmə pozuntusudur. Bu çətinliklər adətən dilin fonoloji komponentinin zəifliyi ilə əlaqəlidir və fərdin ümumi intellekt səviyyəsi, tədris imkanları və ya motivasiya çatışmazlığı ilə izah olunmur”, - deyə qeyd edib.
T.Möhsünova bildirib ki, disleksiya oxu dəqiqliyi, oxu sürəti və səlisliyi, eləcə də oxuduğunu anlama sahələrində davamlı çətinliklərlə xarakterizə olunan neyroinkişaf mənşəli öyrənmə pozuntusudur:
"Bu çətinliklər uşağın yaşına, intellekt səviyyəsinə və verilən tədris imkanlarına baxmayaraq müşahidə olunur. Disleksiya, ömür boyu davam edən, əsasən fonoloji emal, şifahi yaddaş və prosessinq sürəti ilə əlaqəli çətinliklərlə özünü göstərən xüsusi öyrənmə çətinliyidir. Bu çətinliklər şəxsin intellekt səviyyəsi, təhsil imkanları və emosional vəziyyəti ilə izah edilə bilməz və adətən uşaqlıq dövründə üzə çıxır.
Disleksiyanın əlamətləri yaş artdıqca dəyişir, lakin oxu və yazı ilə bağlı əsas çətinliklər müxtəlif formalarda davam edir".
Mütəxəssisin fikrincə, erkən mərhələdə aşkar edildikdə təlim müdaxilələri daha effektiv olur: "Disleksiya əlamətləri gec danışma; uşaq kimi danışma; tələffüz problemləri; səs tonlamasında problem yaşama; nitq ehtiyatının az olması; yeni söz öyrənmədə çətinlik; sadə sözləri xatırlamaqda çətinlik çəkmə; danışarkən sözləri uydurma; danışarkən parazit sözlərdən çox istifadə etmə; əzbər etmədə çətinlik; tapşırılan işi yerinə yetirmədə çətinlik; diqqət dağınıqlığı; əl-göz koordinasiyasından (düymə, ayaqqabı ipi açıb-bağlama) əziyyət çəkmə; qayçıda düzgün istifadə edə bilməmə; tullanma, top atma, top tutma və tək ayaqüstə qala bilməmə; sağ və solu qarışdırma; sadə şəkilləri kopyalaya bilməmə; özgüvən problemi; oyunlarda yoldaşlıq edə bilməmə, oyun qaydalarını tez-tez unutma; ünsiyyət qurmada çətinlik; çox çalışmasına baxmayaraq hərfləri öyrənə bilməmə; hərf qarışdırma (b-p, ə-6, m-b, d-b); heca öyrənmədə və birləşdirmədə çətinlik; uzun mətnləri oxumadan imtina etmə; sözləri tərsinə oxuma (yaz-zay, mən-nəm); uyduraraq oxuma (ilk hecanı görən kimi sonrasını uydurma); oxuduğunu-anlamama; oxuduğundan nəticə çıxara bilməmə; indi oxuduğu sözün yenidən qarşısına çıxdıqda yenə də səhv etmə; oxuyarkən tez yorulma; oxuduğu yeri itirmə; oxu sürətinin çox aşağı olmasından ibarətdir".
O qeyd edib ki, son onilliklərdə aparılan elmi tədqiqatlar disleksiyanın tək bir səbəblə izah edilə bilməyəcəyini, əksinə genetik, neyrobioloji və dilin emalı ilə bağlı mexanizmlərin qarşılıqlı təsiri nəticəsində formalaşdığını göstərir: “Bu səbəbdən disleksiyanın yaranmasını anlamaq üçün onun çoxfaktorlu olduğunu nəzərə almaq zəruridir. Birinci səbəb neyrobioloji səbəblərdir. Disleksiya əsasən beynin dil emalı ilə bağlı sahələrinin fərqli işləməsi ilə əlaqələndirilir. Beyin görüntüləmə tədqiqatları disleksiyalı şəxslərdə oxu zamanı sol yarımkürədə aktivliyin az olduğunu göstərir”.
Genetik səbəblərə gəlincə, Təranə Möhsünova vurğulayıb ki, tədqiqatlar disleksiyanın irsi ötürülmə ehtimalının yüksək olduğunu göstərir: “Atada və ya anada disleksiya olması uşaqda olma riskini olduqca artıra bilir. Yəni ailədə disleksiya varsa uşaqda da olması yüksək ehtimaldır.
Üçüncüsü isə fonoloji emal zəifliyidir. Disleksiyanın qəbul olunmuş nəzəriyyələrindən biri “fonoloji deficit” nəzəriyyəsidir. Uşaq səsləri ayırd etmək, birləşdirmək və yönləndirməkdə çətinlik çəkir. Yəni hərf–səs əlaqəsinin zəif qurulması, dekodlaşdırma (yazılı simvolların səslərə çevrilməsi prosesi) problemləri ilə üzləşirlər".