XOCALI, 26 yanvar. TELEQRAF

Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə yola salınan növbəti köç karvanları uğurla mənzil başına çatıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonunun Dördyol adlanan ərazisindən yola düşən köç karvanı Badara və Seyidbəyli kəndlərinə çatdıqdan sonra ailələrə yeni mənzillərinin açarlarının təqdim edilməsi nəzərdə tutulur.

Bu köç mərhələsi də daxil olmaqla Badara kəndinə daimi qayıdan ailələrin sayı 73 ailə, 286 nəfərə, Seyidbəyli kəndinə qayıdanların sayı isə 69 ailə, 250 nəfərə çatıb.

Qeyd edək ki, hazırda Xocalı rayonu üzrə ümumilikdə 906 ailə, yəni təxminən 3700 nəfərin daimi məskunlaşması təmin olunub. Köç prosesinin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

***

12:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Badara kəndinə 15 ailədən 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə olmaqla 34 nəfər Ağdamın Dördyol adlanan ərazisindən gedəcək.

Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.