BAKI, 27 yanvar. TELEQRAF

Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Əkbər Hüseynov doğma torpaqlara dönüşünü böyük sevinc hissi ilə qarşıladığını bildirib.

Teleqraf xəbər verir ki, Əkbər Hüseynov jurnalistlərə açıqlamasında uzun müddət səhhətində ciddi problemlər olduğunu deyib:

“Mən özüm uzun müddət xəstə idim. Evdən çölə belə çıxa bilmirdim. Amma bu gün yurduma qayıdıram. Qalan ömrümü sağlam şəkildə doğma yurdumda yaşamaq istəyirəm”.

O, doğma kəndinə qayıtdığı üçün özünü xoşbəxt hiss etdiyini vurğulayıb və bu günləri onlara yaşadanlara minnətdarlığını ifadə edib:

“Allah şəhidlərimizə rəhmət eləsin. Bu gözəl günləri yaşamağımıza onların sayəsində nail olmuşuq. Cənab Prezidentə təşəkkür edirəm. Doğma yurdumuza qayıtmağımız üçün bizə belə şərait yaradılıb. Qazilərimizə də Allahdan can sağlığı arzulayıram”, – deyə Əkbər Hüseynov qeyd edib.