BAKI, 26 yanvar. TELEQRAF
Hazırda Azərbaycanda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, virus ölkəmiz üçün endemik hesab edilmir.
"Mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil. Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır", - məlumatda bildirilib.
Qeyd edilib ki, Nipah virusu "Paramyxoviridae" ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər.
"Xəstəliyin inkubasiya dövrü adətən 5–14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır.
Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər. Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır.
Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür", - məlumatda vurğulanıb.