BAKI, 1 yanvar. TELEQRAF

Spirtli içki qəbulundan sonra orqanizmin su-duz balansını bərpa etmək lazımdır, bunun üçün ilk növbədə qazsız mineral su içmək vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Federal Qidalanma və Biotexnologiya Tədqiqat Mərkəzinin şöbə müdiri, dietoloq Tatyana Zaletova məlumat verib.

Onun sözlərinə görə, ən vacib məsələ su balansını bərpa etməkdir:

“Qazsız mineral su tövsiyə olunur. Su-duz balansını bərpa etmək və orqanizmdə asidozla mübarizə aparmaq lazımdır. Suyu kiçik qurtumlarla səhər içmək məsləhətlidir. Dad vermək üçün limon və ya giləmeyvə əlavə etmək olar.”

Dietoloq əlavə edib ki, əgər insan ürəkbulanma və ya intoksikasiya əlamətləri hiss edirsə, enterosorbentlərdən istifadə etmək mümkündür:

“Məsələn, aktivləşdirilmiş kömür və ya digər müasir vasitələr. Növbəti mərhələdə isə orqanizmə yüngül enerji bərpası edilməlidir.

Tam səhər yeməyi yemək mümkün deyilsə, toyuq və ya tərəvəz bulyonu, banan və qurudulmuş ərik tövsiyə olunur. Bulyon toxluq hissi yaradır, su balansını bərpa edir və həzm sistemini qoruyur. Banan və ərik isə kalium mənbəyidir və spirtin təsirini azaltmağa kömək edir. Qurudulmuş meyvələrdən hazırlanan kompot da yaxşı effekt verir,” – deyə Zaletova bildirib.