BAKI, 25 avqust. TELEQRAF
Bu gün Şeyxülislam Allahşükür Paşazadə Fələstin dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metanini qəbul edib.
Bu barədə Teleqraf-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Fələstin xalqının mərhum lideri Yasir Ərəfatla İslam Əməkdaşlığı Təşkilatı müstəvisində görüşlərini xatırlayan Şeyxülislam Azərbaycanın Fələstinlə bağlı beynəlxalq tədbirlərdə fəal iştirakını, habelə ölkəmizdə təşkil olunmuş dəstək konfransından danışıb. Bildirib ki, Azərbaycan hər zaman, bütün beynəlxalq müstəvilərdə Fələstin xalqının haqlı tələbini, İsrail-Fələstin münaqişəsinin “iki dövlət prinsipi” və BMT-nin müvafiq qərarları əsasında həllini dəstəkləyir.
Ölkəmizin Fələstinə humanitar yardımını xatırladan QMİ sədri hazırda Qəzzada baş verənlərdən, humanitar böhrandan məyus olduğunu, problemin sülh yolu ilə həlli üçün dualar etdiyini bildirib.
Səfir Ə.Metani İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra ilk olaraq Şeyxülislam A.Paşazadə ilə görüşü arzuladığını ifadə edib və Fələstin müftisi Məhəmməd Hüseynin salamlarını Azərbaycanın dini liderinə çatdırıb.
O, səfirliyi müddətində Azərbaycan və Fələstin dini rəhbərlərinin görüşünü təşkil etməkdən böyük məmnuniyyət duyacağını qeyd edib.
Daha sonra fələstinli səfir Qəzzada baş verənlər barədə fikirlərini bölüşüb. Azərbaycanın gələn il ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşünə toxunan səfir bu toplantıda Fələstinə dair əhəmiyyətli qərarların veriləcəyinə ümidvarlığını ifadə edib.