BAKI, 25 iyun. TELEQRAF

"Mənim üçün ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş səhhətim yaxşılaşır. Mənə görə narahat olan, dua edən, maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm".

Teleqraf xəbər verir ki, bunu əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyev səhhəti haqqında danışarkən deyib.

Aktyor qeyd edib ki, həkimin tövsiyəsi ilə bir müddət telefondan, internetdən uzaq duracaq: "Diaqnostika Mərkəzinə və
bacım Dilarə Əliyevaya təşəkkürümü bildirirəm. Ölüm qaş ilə göz arasındadır. Səhhətimə qarşı laqeyd idim. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacam.
Bir müddət rahat, sakit yaşamalıyam, sonra yenə həyat, iş öz axarında davam edəcək".

Qeyd edək ki, aktyor Vüsal Murtuzəliyev iyunun 19-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli şəhər xəstəxanasına yerləşdirilmişdi.
Daha sonra aktyoru Diaqnostika Mərkəzinə gətiriblər. Ona anevrizma diaqnozu qoyulub. Damarda anjio (anjioqrafiya) olunub.