BAKI, 20 iyun. TELEQRAF

Müstəqilliyimizin ilk illərində tanınmış türk tarixçilərinin və yazarlarının əsərləri kütləvi şəkildə ölkəmizdə çap edilməyə başlandı. Bahaəddin Ögalın “Böyük Hun imperiyası”, Nihal Atsızın “Bozqurdlar”, Kamal Tahirin “Dövlət ana” kimi əsərləri Azərbaycan türkcəsində işıq üzü gördü. Bu kitablar arasında ən mühümlərindən biri də mərhum Ramiz Əsgərin 1992-ci ildə hazırlayaraq çap etdiyi Faruq Sümərin “Oğuzlar” kitabı idi.

Səlcuq yurdunda doğulan tarixçi

Həmin kitabın müəllifi olan məşhur türk tarixçisi professor Faruq Sümər Cümhuriyyət Türkiyəsinin ilk ilində doğulan şəxslərdən olub. O, 5 noyabr 1924-cü ildə Səlcuq dövlətinin paytaxtı olmuş Konya şəhərinin Bozqır qəsəbəsində dünyaya gəlib. Anası Müftü Hüseyn Hilmi Əfəndinin qızı Zəliha xanım olub. Xatirələrində anasına olan sevgisini bu şəkildə ifadə edib:

“Anam Zəliha xanım ibtidai məktəbi üçüncü sinfə qədər oxumuş, lakin evləndirildiyi üçün təhsilini yarımçıq qoymuşdur. Bu səbəbdən mərhum anam daim kədərini dilə gətirər, onu evlənməyə məcbur etdiyinə görə nənəmə giley-güzar edərdi. Anam bir çox fəziləti özündə cəmləmiş, mükəmməl bir qadın idi. Ailəmizdə ən çox onunla qürur duyduğumu qeyd etməliyəm. Anamın mənim və bacı-qardaşlarımın yetişməsində böyük rolu olmuşdur. Anam bir müftü qızı idi. Anamın atası Hüseyn Hilmi Əfəndi Bozqırdan İstanbula gəlmiş, burada mədrəsə təhsili almışdır. Daha sonra onu Selanikə müftü olaraq göndərmişlər. Ardınca qəsəbəmizdə müdərrislik və müftülük etmişdir. Babam Bozqır camaatı tərəfindən hörmət edilən, fəzilətli bir şəxs olmuşdur. Babam (yəni babam Hüseyn Hilmi Əfəndi) övladlarını çox gözəl şəkildə yetişdirmişdi. Anam ud çalardı. Biz milli dəyərlərə bağlı, mühafizəkar bir ailə idik. Mən də ud çalardım. Anam bizim savadlanmağımızı çox istəyərdi. Atamı təhsil almağımız üçün İstanbula getməyə razı salan da məhz anam olmuşdur. Həmin dövrün mühitində biz türk musiqisini öyrənmişdik. Eyni zamanda dövrün tələblərinə uyğun olaraq caz musiqisi haqqında da müəyyən biliklərə sahib olmuşduq. O zamanlar belə idi – gəncin həyatında rəqsə və kinoya da yer vardı. Bununla belə, ailə olaraq şəxsiyyətimiz möhkəm olduğu üçün yerli mədəniyyətimizi qoruya bilmişdik. İstanbula işləmək üçün gələn həmşəhərlilərimizlə əlaqəni kəsməməyimiz də Konya mədəniyyətimizi qorumağımıza səbəb olmuşdur. Bu gün belə, Konya bölgəsinə aid türküləri qəlbimdə daim yaşatmışam. Dünyanın hansı nöqtəsinə getsəm də, o türkülər mənimlə birlikdə gəlir”.

Sümərin atası keçmiş maliyyə məmurlarından və İstiqlal müharibəsi qazilərindən biri olan Məhəmmədzəki əfəndi olub. O, Bozqır qəsəbəsindən piyada təxminən yarım saatlıq məsafədə yerləşən Akçapınar kəndindən idi. Gənc yaşlarında İstanbula gələrək təhsil alıb, zabit olmaq istəyib. Lakin ağır bir xəstəliyə tutulduğu üçün Kuleli hərbi liseyindən ayrılmaq məcburiyyətində qalıb. Faruq bəy atasının milli mübarizədəki fəaliyyətini bu sözlərlə ifadə edib: “Atam Milli Mücadilədə üzərinə düşən vəzifələri yerinə yetirmişdi. İstiqlal medalı daha sonra mənə keçdi. O, 82 yaşına qədər yaşamışdır.”

İstanbula köç və təhsil həyatı

Sümər ailəsi 1931-ci ildə Bozqırdan İstanbula köç edib, burada yeni həyat qurub. 1934-cü ildə qəbul edilən soyad qanunu ilə əvvəlcə “Demirtaş”, daha sonra isə bu soyaddan imtina edərək “Sümer” soyadını götürüblər. Faruq bəyin iki bacı-qardaşı olub: Çingiz Sümər və Günər Sümər. Qardaşı professor Çingiz Sümər həkim olub, uzun illər Amerika Birləşmiş Ştatlarında universitet müəllimi kimi fəaliyyət göstərib. Bacısı Günər xanım isə tanınmış tarixçi professor Refet Yinanç ilə ailə həyatı qurub.

Ailəsi İstanbula köçdüyü üçün Sümər bu tarixi şəhərdə oxuyub. İbtidai təhsilini Alemdar məhəlləsindəki bir məktəbdə alıb, tarix elminə olan sevgisi də elə bu zamandan etibarən yaranıb:

“İbtidai məktəbdə, xüsusilə IV və V siniflərdə sosial fənlərə, xüsusilə tarix fənninə böyük maraq göstərirdim. Elə o dövrdə liseylərdə tədris olunan üç cildlik tarix dərsliklərinin hamısını oxumuş və oradakı bilgiləri mənimsəmişdim. Orta məktəbdə oxuyarkən qəzet və jurnallarda dərc olunan tarixi məqalə və romanlarla yanaşı, əldə edə bildiyim bütün tarix kitablarını oxuyardım”.

Eləcə də tətil zamanlarında müxtəlif bölgələrdə gördüyü yörüklərin həyat tərzi onun gələcəkdə ixtisas seçməsində önəmli rol oynayıb: “Onların yaylaqları Bozqır kəndlərinin yaylaqları ilə qonşu idi. Bu köçərilər yalnız qoyun saxlamaz, Koçhisar gölündən duz, Aydın bölgəsindən quru əncir gətirərək kəndlilərə satır və ya buğda ilə dəyişirdilər. Yörüklər boylu-buxunlu, sağlam insanlar olurdular. Qadınları da eyni şəkildə sağlam, üç ətək libasları və zinət əşyaları ilə diqqət çəkirdilər. Onların dəvə karvanları ilə evimizin altından və yaylağımızdan səssizcə keçmələri mənə uşaqlıqda dərin təsir bağışlamış, içimdə onları yaxından tanımaq arzusu oyatmışdı. Mənim türk tayfalarını tədqiq etməyə başlamamda şübhəsiz ki, bu uşaqlıq illərində yörüklərə duyduğum marağın böyük rolu olmuşdur”.

Lisey illərində tarixçi olmaq sevgisi daha da güclənmişdi:

“Liseyin IX sinfində anamın köməyi ilə köhnə yazını öyrəndim. İlk oxuduğum kitab Əhməd Rəfiq bəyin “Bizans qarşısında türklər” adlı əsəri oldu. Sonra anam mənim üçün bir müəllim tutdu. Bu müəllim Quran oxumaqda və köhnə mətnləri anlamaqda mənə geniş şəkildə kömək etdi. Həqiqətən də, fəzilətli bir insan olan müəllimimdən qədim mədəniyyətimiz haqqında çox şey öyrəndim. Köhnə yazıda çoxlu əsərlər oxumuşdum. Fuad bəyin əsərləri, tarixi jurnallar, iqtisadi jurnallar – bütün bunları köhnə yazıda bitirmişdim. Bu müddətdə həm də fransızcamı inkişaf etdirirdim. Fransız dilində yazılmış bir çox əsərlərlə də bu dövrdə tanış oldum”.

Türkiyənin o dövrləri ilə bağlı danışan bəzi tədqiqatçılar ozamankı lisey təhsilinin bugünkü universitet təhsilindən daha güclü olduğunu ifadə edirlər. Hər halda Sümər kimi böyük alimlərin yetişməsində ozamankı güclü orta məktəb və liseylərin böyük rolu olub. II Dünya müharibəsinin başladığı dövrə təsadüf edən lisey illəri haqqında Sümər maraqlı xatirələr danışıb:

“O illərdə İkinci Dünya müharibəsi davam edirdi. 1940-cı illərdə almanların şəhərə hücum edəcəyi qorxusu yarandı. Muzeylərimizdəki qiymətli əşyaları, kitabxanalarımızdakı dəyərli kitabları başqa yerlərə daşıdıq. Biz də həmin il Toros dağlarında yaylağa çıxdıq. Alaiyə tərəfdən gələn yörüklərlə tanış olduq. O illərdə onları yaxından tanımaq fürsətim olmuşdu... Məktəb illərində lisey müəllimlərimiz olduqca güclü idilər. İstanbul liseyində Orxan Seyfi Orhon vardı. Onun şeirlərini sevərdik, oxuyardıq və bu, onu da sevindirirdi. Orxan Seyfi o dövrdə həmçinin “Vakit” qəzetində yazılar yazırdı”.

Sümər 1942-ci ildə liseyi bitirib, gözlənildiyi kimi İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin Tarix bölməsinə qəbul olunub. Burada dövrün tanınmış alimləri olan Fuad Köprülü, Əhməd Zəki Vəlidi Toqan, Əqdəs Nemət Kurat kimi şəxslərdən dərs alıb. Səlcuqlu dövrünün məşhur tarixçisi Osman Turanın əsərləri onun da bu dövrü tədqiq edən alim kimi yetişməsinə səbəb olub. O illərdə Almaniyadan Türkiyəyə sığınan tarixçilərdən də dərs alıb. 1947-ci ildə “Anadolu türk boy və oymaqları” adlı bakalavr elmi işi hazırlayıb, bir il sonra məzun olub. Ardınca Milli Təhsil Nazirliyindən aldığı təqaüd vasitəsilə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Ortaçağ Tarixi Kafedrasında doktorantura təhsilinə başlayıb.

“XVI və XVII əsrlərdə Anadolu-Suriya və əl-Cəzirədə Oğuz boylarına mənsub təşəkküllər” adlı doktorluq tezi ilə 1950-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1952-ci ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi Ortaçağ Tarixi Kafedrasına assistent kimi qəbul edilib. 1955-ci ildə Qaraqoyunlu dövləti ilə bağlı yazdığı əsərlə dosent ünvanını qazanıb. 1956-1957-ci illərdə hərbi xidmətdə olub. 1959-1960-cı illərdə Londonda fəaliyyət göstərib, 1963-cü ildə professor ünvanını əldə edib. 1974-1982-ci illərdə çalışdığı fakültənin müdiri olub. Daha sonra təqaüdə çıxan Sümər ömrünü elmi fəaliyyətə həsr edib. 21 oktyabr 1995-ci ildə İstanbulda vəfat edib.

Faruq Sümər və Azərbaycan

Professor Faruq Sumərin elmi yaradıcılığında Azərbaycanla bağlı mövzular önəmli yer tutub. 1957-ci ildə onun “Azərbaycanın türkləşməsi tarixinə ümumi bir baxış” adlı məqaləsi çap olunub. Mövcud türk tarix tezislərinə əsaslanan Sümər Azərbaycanın türkləşmə tarixini üç dövrə bölüb: Səlcuq dövrü; Moğol dövrü; Moğol dövründən sonrakı dövr (Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi).

1967-ci ildə onun “Qaraqoyunlular: Başlanğıcdan Cahan şaha qədər”, 1976-cı ildə isə “Səfəvi dövlətinin quruluşu və inkişafında Anadolu türklərinin rolu” adlı əsəri işıq üzü görüb.

Sovet Azərbaycanı dövründə Faruq Sümər Bakıya gəlib, tarix muzeyində görüşlər keçirib. Professor Abbas Zamanov fondunda həmin görüşə dair üç maraqlı fotoşəkil mövcuddur. Həmin tarixi şəkilləri təqdim edirik.