
BAKI, 16 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanın iki əsas tələbini yerinə yetirməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasından müvafiq bəndin çıxarılması və ATƏT-in Minsk Qrupunun ləğvindən gedir.
“Nikol Paşinyan Bakı üçün Minsk Qrupunun buraxılmasının nə qədər vacib olduğunu dərk edir və bu məsələni kozıra çevirməklə sazişin imzalanmasına çalışır. Ermənistan baş nazirinin dünən parlamentdə növbəti dəfə dilə gətirdiyi bu təklifinə Bakı cavab verməyib.
Həmçinin dünən o, konstitusiya məsələsində də güzəştə getməyə hazır olduğunu bildirib. Məlumdur ki, Azərbaycan Ermənistan konstitusiyasının dəyişdirilməsini və Qarabağın Ermənistanın ilhaqından bəhs edən Müstəqillik Bəyannaməsinə istinadın əsas qanundan çıxarılmasını tələb edir”, - erməni nəşri yazır.
Xatırladaq ki, Nikol Paşinyan dünən sülh sazişinin imzalanması və Minsk Qrupunun ləğv edildiyini eyni gündə bəyan edilməsini təklif edib. Həmçinin konstitusiya dəyişikliyindən danışan baş nazir bu mənada Azərbaycanın narahatlığını səmimi qəbul etdiyini söyləyib və əlavə edib ki, məsələ ilə bağlı şərhi Ermənistan Konstitusiya Məhkəməsi verə bilər.
Azərbaycan hər iki məsələnin sülh sazişinin imzalanmasına qədər həllini tələb edir.