
Züleyxa Əsədullayeva və Qüdrət Turxan
Rusiyanın Azərbaycanı işğalından sonra Amerikaya köçən ailələrdən biri də Xələf Meylamovun ailəsidir. Xələf bəy neft sahibkarlarından Şəmsi Əsədullayevin qızı Ağabacı xanımla ailə həyatı qurub.
Bu evlilikdən doğulan Züleyxa Əsədullayeva 1999-cu ildə “Azerbaijan İnternational” jurnalına yazdığı xatirələrində ailəsi haqqında bəzi məlumatlar verib: “Babam Şəmsi Əsədullayev (1840-1913) varlı neft maqnatı olub. Qızı Ağabacı Əsədullayeva (anam) ərə gedəndə Rokoko tipli malikanəni cehizin bir hissəsi kimi ona bəxş etmişdi. Babam həmin evi xalamın atası Musa Nağıyevdən 1904-cü ildə almış və onun üzərində işləmək üçün Fransadan memar gətirtmişdi. Növbəti il ailəmiz ora köçür və böyük bacım Məryəm Səmədova (həyat yoldaşının familiyası) (1905-1991) dünyaya gəlir. Bundan başqa valideynlərimin daha dörd övladı bu evdə böyüyüb boya-başa çatmışlar: Əsəd (1906-1971), Qüdrət (1907-1979), digəri Səməd (1917-1919) və nəhayət mən (1914-2002). Ailəm məni Zuliya deyə çağırırdı. Ən qəşəng mərtəbə birinci mərtəbə idi. Atamın iş otağı orada idi. Axşamlar o qardaşlarımı başına yığar və müzakirəyə başlayardı; atam onların dərslərini sual-cavab etməyi xoşlayardı. İkinci mərtəbə bütövlükdə anama məxsus idi, uşaqların otaqları isə üçüncü mərtəbədə yerləşirdi. Hərəmizin öz otağı var idi və bütün otaqlarda soba var idi. Atam Xələf Meylamov çox sərt adam idi. Bizim nadinclik etməyi xoşladığımıza baxmayaraq bizdən nizam-intizamlı olmağı tələb edirdi. Hətta bir dəfə mürəkkəbi balkondan üzüaşağı tökmüşdük! Cəza olaraq dərs olsun deyə bizi küncə qoydular. Yaxud da özümüzü pis aparanda şirniyyatdan məhrum olurduq. Axşamlar valideynlərimiz üçün musiqi çalardıq. Bacım və mən piano, böyük qardaşım skripka, o biri qardaşım isə violonçel çalırdı. Musiqi müəlliməmiz yaxınlığımızda yaşayan bir yəhudi qadın idi. Biz təhsili rus dilində almışıq. Kitabların heç biri Azərbaycan dilində deyildi. Müxtəlif mürəbbiyələrlə rus, ingilis, fransız və alman dillərini öyrənirdik. Onlar bizimlə yaşayırdı. Sözün düzü, alman dili müəlliməmizi heç xoşlamırdım; çox sərt qadın idi. Bundan başqa Mirzə Axund adlı din müəllimimiz bizə İslamdan dərs keçirdi. O dərin biliyə malik bir insan idi. Anamın 18 qulluqçusu və bir ləzgi aşpazı var idi. Bütün bunlara baxmayaraq, anam heç vaxt bizə icazə verməzdi ki, qulluqçulara əmr edək. Bizə öyrətmişdir ki, həmişə nəzakətli olaq və bütün xahişlərimizi "zəhmət olmasa" ifadəsi ilə başlayaq. Xatirimdədir, Milad bayramı vaxtı biz bayram ağacının ətrafında oynayar, alman dilində "O Tannenbaum" kimi mahnılar oxuyardıq. Təxminən hər üç aydan bir ya Avropaya, ya da əmilərimin hər axşam bir stəkan çay içmək üçün toplandıqları Mərdəkandakı evimizə gedərdik. Anam Ağabacı Əsədullayeva, həqiqətən, çox yaxşı insan idi. Ailəsində ən sonuncu ailə quran o idi. Atası Şəmsi Əsədullayev çox müasir, Avropasayağı bir adam idi. Qəbiristanlıqdan başqa o heç yerə qızlarını çadra geyməyə qoymazdı. Əslində həmin vaxt Bakının mərkəzində çadra geyinməyən qadın çox idi. İçəri şəhərdə isə əksəriyyəti geyinirdi. Əksinə, babam qızları üçün Parisdən qəşəng şlyapalar gətirərmiş. O vaxt Bakının dini rəhbəri olan şeyxülislam babama deyirdi ki, qızları pərt etmək üçün başlarından şlyapaları qapıb qaçarlar. Babam cavab verərmiş, “hünərin görüm kimsə mənim qızlarımın şlyapasına dəysin”. Həyatımız çox xoşbəxt və başqalarından üstün idi”.
Həyat belə davam edərkən Cənubi Qafqazda anarxiya dövrü başlayır. Züleyxa xanım o, illəri belə xatırlayırdı: “Lakin faciə hər şeyi alt-üst etdi. 1918-ci ildə Şaumyan və Mikoyanın başçılığı ilə erməni daşnakların barbarcasına yürüşü oldu. Onlar şəhəri soyaraq 13 günün içində minlərlə azərbaycanlını qətlə yetirdilər. Onda biz Türkmənistana, atamın pambıq plantasiyaları və iri fabriki olan Vızı Arvata getdik. Daha sonra Osmanlı (türk) qoşunu Bakını ələ keçirdi və biz geri qayıtdıq. Həyat öz axarı ilə xoşbəxtcəsinə davam edirdi. Qırmızı ordu Bakıya daxil olanda mənim altı yaşım var idi. Elə bil hər şey dünən olub. Əslində çox az adam bilirdi ki, qırmızı ordu gəlir; hamı fikirləşirdi ki, gələn Türk ordusudur… “Sovetə təslim olmaq lazımdır yoxsa yox” sualı ətrafında üç gün parlamentdə müzakirələr getdi. Nəhayət, bolşeviklər əhalini incitməməyə, mülkləri dağıtmamağa söz verdikdən sonra təslim oldular. Onlara inanmaqda necə də əsassız bir mühakimə yürütmüşlər… Bakının küçələrindəki səhnə heç vaxt yadımdan çıxmaz. Atam və anam yemək otağında durub pəncərədən baş verən hadisələrə tamaşa edirdilər. Küçə qırmızı ordunun yöndəmsiz, çirkli əsgərləri ilə dolu idi. Atam qəmli halda anama tərəf dönüb “bizimki bura qədər idi” dedi. Bundan düzgün deyilmiş ifadə mən həyatım boyu eşitmədim. Elə həmin dəqiqə köçmək üçün hazırlaşmağa başladıq. Saat altıya qədər evimizin yanına iki fayton gəldi və tezliklə bizi ailə dostumuzun evinə, indi ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yerləşən binaya apardı. Orada bir həftə qaldıqdan sonra bağ evimizə yola düşdük. Sonralar Sovet İttifaqı Mərdəkanda dəniz sahilində yerləşən bu evimizi müsadirə edərək kurort yerinə çevirəcəkdi. Heç olmasa həyət qapısı evin əsl sahibinin kim olduğunu xəbər verən şahidə öz sinəsində yer verib. Lövhədə yazılıb: "Əsədullayevlərin bağ evi". Tezliklə ailəmiz parçalandı. Valideynlərimin ikisi də həbs olundu. Son nəhayətdə anam azadlığa buraxıldı, atam isə Fövqəladə İşlər Üzrə Komitənin əmri ilə bir ilə qədər həbsdə qaldı. Hər gün 50 adam edam edilirmiş. Heç özüm də bilmirəm necə olub ki, o sağ qala bilib. Mənə elə gəlir anam vacib şəxslərə öz daş-qaşlarından rüşvət vermişdi ki, onu buraxsınlar. Lakin buna baxmayaraq o yenidən həbs edildi. Yəqin ki, sonda o da öldürülmüşdü. Ona nə baş verdiyindən xəbərimiz yoxdur. Onun Azərbaycanı öz ailəsi ilə birlikdə tərk etmək imkanı olmadı”.
Bu hadisələrdən sonra ailə Türkiyəyə pənah gətirib. Züleyxa xanım Türkiyədəki mühacirət həyatlarını bu şəkildə yada salıb: “Nəhayət, Moskvadakı Türk səfirinin yardımı ilə Türkiyəyə getmək üçün hazırlıq tədbirləri görüldü… O vaxtkı rəhbərlər, bizi tərk etməyə təhrik etdilər. İndi fikirləşəndə, bizə elə gəlir ki, bunun səbəbi o idi ki, onlar bilirdilər ki, anam özü ilə zinyət əşyalarını götürəcək. Beləliklə, 1922-ci ildə qatarla Bakıdan Batuma yola düşən zaman onlar anamı bizdən ayırdılar və qorxutmağa başladılar ki, əgər daş-qaşlarının hamısını verməsə, uşaqlarını öldürəcəklər. Beləliklə anam 20 mücrü gümüş zinyət əşyalarını və 120 karatlıq brilyantını verməli oldu. Əlbəttə, bu soyğunçular öz cinayətlərinə onunla haqq qazandırdılar ki, bütün bu daş-qaşlar zəhmətkeşlərin qanı bahasına alınıb. Lakin onlar qəbul etmək istəmirdilər ki, mənim atamla babam da fəhlə olmuşlar. Onlar zəhmət çəkərək varlanmışlar. Babamın hər tezdən saat səkkizdə Suraxanı və Balaxanıdakı neft mədənlərinə işə getdiyi hələ də yadımdadır. O xam nefti əl arabasında saflaşdırma zavoduna daşımaqla başlamışdı. Şəxsi biznesini 18 yaşı olanda başlamışdı və nəhayət bütövlükdə ildə 6 milyon bareldən çox neft verən 40 buruğa sahib olmuşdu. Onun həm də bir neçə neft tankerləri, boruları və bir neft saflaşdırma zavodu var idi. Onun var-dövləti və ad-sanı İrandan tutmuş Rusiyaya, Volqa boyunca Lodza, Polşaya gedib çatmışdı… 1922-ci ildə İstanbula getdik. Orada Türkiyə xalqının lütfkarlığı sayəsində yaşadıq—Atatürk özü qardaşlarım gəlib çatana qədər bizi lazım olan hər bir şey ilə təchiz etdi. Xoşbəxtlikdən “Standard Oil Company” ilə olan iş əlaqələrinə görə ailəmin hələ bir qədər pulu var idi. “Anam ərsiz qaldı demək” onun vəziyyətini təsvir etmək üçün çox azdır. Çox əziyyət çəkmişdir—bütün bu problemlər, üç uşaq, mənəvi əzab. Onun həyatı heç də asan olmayıb. Çox yaxşı qadın idi. Hədsiz dərəcədə səbirli idi və heç vaxt Azərbaycan haqqında nalayiq söz danışmazdı. O 46 yaşında bağırsaq problemi üzündən Türkiyədə vəfat etdi. Bacım Məryəm Azərbaycanda qaldı. O həmin vaxt artıq ərdə idi deyə həyat yoldaşını və onun ailəsini tərk edə bilmədi. Onun əzabları çox olmuşdur. Onu məcbur etmişdilər ki, kiçik daxmada yaşasın. Sonralar mənə danışırdı ki, adamlar onun üzünə tüpürürmüş. Uzun müddət işsiz qalıb—heç kim onu işə götürmək istəmirmiş. Nəhayət o, Moskvaya gedib baş katibə şikayət etmək qərarına gəlir. O baş katibə bildirir ki, Şəmsi Əsədullayevin nəvəsi olması onun günahı deyil. "Mən işləmirəm"—ona deyir. "Acam. Ona görə ya mənə imkan ver Türkiyəyə gedim, ya da iş ver." Onda katib onu işlə təmin edir, o Bakıda müəlliməlik etməyə başlayır. Sonralar o, Türkiyədə olan ailəsinə baş çəkmək üçün viza almaq istəsə də rəsmi orqanlar ona ölkədən çıxmağa imkan verməmişdi. Mən onu 70 il, 1991-ci ilə qədər görmədim. O məni görəndə çox ağladı… Mən Türkiyədə böyüyüb orada universitetdə təhsil aldım və daha sonra orada hidravlik zavod inşaat edən amerikan Qordon Beykerlə evləndim. ABŞ-a getdik və mən orada tarix və coğrafiya üzrə orta məktəb müəllimi kimi işləməyə başladım. Orada özümü yaxşı hiss edirdim, çünki xoş münasibət görürdüm. Təəssüflər olsun ki, evlənəndən yeddi il sonra həyat yoldaşım vəfat etdi. Sonra mən Braziliyada yaşayan qardaşımla görüşdüm və dörd il orada işlədim. İndi təqaüdə çıxmışam. Azərbaycan müstəqillik əldə edəndən bura altıncı səfərimdir. Doğma Vətənimi tərk etməli olduğuma görə təəssüf etmirəm. Türkiyədə çox yaxşı münasibət gördüm, yaxşı təhsil aldım. Həyatım yaxşı keçdi, ən əsası müstəqil idim…”
Qeyd edək ki, Züleyxa Əsədullayeva 1916-cı ildə doğulub. 1943-cü ildə İstanbul Universitetinin tarix və ədəbiyyat fakültəsini bitirib. Sonrakı dövrdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında tərcüməçi işləyib. 1952-ci ildə Amerika Birləşmiş Ştatlarına köçən Züleyxa xanım Virciniyada orta məktəblərin birində tarix və coğrafiya müəllimi olub. O, bir müddət Braziliyada müəllimlik edib, sonra yenə Amerikaya qayıdıb. Türk, ingilis, fransız, alman, rus və portuqal dillərini gözəl bilən Züleyxa xanım müəllimlik və tərcüməçiliklə yanaşı müxtəlif neft şirkətlərində işləyib. O, 1995-1997-ci illərdə "Mobiloyl" şirkətində, 1997-ci ildən ömrünün sonuna qədər isə "Pennzoyl" şirkətində çalışıb. 1990-cı ildə Azərbaycana gələn Züleyxa xanım tələbələr qarşısında çıxış edib, mətbuata açıqlamalar verib.
Züleyxa xanım 2002-ci il iyulun 20-də İstanbul şəhərində vəfat edib. Nəşi Bakıya gətirilib, iyulun 25-də Mədəniyyət Sarayının binasında vida mərasimi keçirilib. Babası Şəmsi Əsədullayevin qəbri yanında Əmircan qəsəbəsində dəfn olunub.
Amerikadakı Azərbaycan cəmiyyətinin sədri Tomris Azəri Züleyxa Əsədullayeva haqqındakı xatirələrində onu kübar bir qadın olaraq dəyərləndirib: “Züleyxa Əsədullayeva XX əsrin başlarında Bakının olduqca zəngin neftxudalarından Şəmsi Əsədullayev və Hacı Zeynalabdin Tağıyevin nəslindən idi. Qırmızı ordu 1920-ci ildə Bakını ələ keçirənə qədər xüsusi bir uşaqlıq yaşadı. Züleyxa xala sovetlərin Bakını ələ keçirməsindən sonra 1920-ci ildə anası, qardaşı, bacıları ilə birgə eynilə babam kimi Türkiyəyə qaçıblar. Anam mənə o günlərdə Türkiyədə aralarında Şeyxzamanlıların, Xan Xoyskilərin, Ziyadxanovların və Əsədullayevlərin olduğu Sovet Azərbaycanından qaçan zadəgan ailələrin çox sıx görüşdüklərini, birlikdə cəmiyyət yaratdıqlarını anlatmışdı... Züleyxa xala və anam Azərbaycanın müstəqilliyinə qovuşduğunu görən şanslı insanlardan idilər... Anam Züleyxa xaladan daha gəncdi, amma çox yaxşı münasibətləri vardı. Züleyxa xala Vaşinqtonda yaşayırdı, çox zərif bir qadındı. Daş-qaşlaları ilə hər zaman şıq geyinər, hər zaman mükəmməl makiyaj edər, xarüqüladə görünərdi. İldə iki dəfə bizi ziyarət etmək üçün Nyu-Cersiyə gələrdi”.
Züleyxa xanımın qardaşı Qüdrət Hidayət Turxan 7 iyul 1903-cü ildə Bakıda doğulub. Braziliyada ona verilmiş 20 iyul 1962-ci il tarixli sənədə görə, milləti türkdür, Türkiyə vətəndaşıdır. Atasının adı Xələf, anasının adı Ağabacıdır. Ailədir. Elia Pereza adlı xanımla evlənib. Tədqiqatçı Orxan Arasın yazdığına görə, 1920-ci ildə qırmızı ordunun Azərbaycana hücumundan sonra Xələf Meylamov bolşeviklər tərəfindən həbs edilib: “Xanımı Ağabacı Əsədullayeva və uşaqları Türkiyəyə qaçmağı bacarırlar. Züleyxa Əsədullayeva bir amerikalı ilə evlənərək Amerikaya köçür. Anası Ağabacı Əsədullayeva az sonra Türkiyədə vəfat edir. Oğulları Əsəd, Hidayət və Səməd isə Türkiyədə yaşayırlar. Bu ailəni araşdırmağımın səbəbi Züleyxa Əsədullayevanın qardaşı Əsəd Meylamovdur… Əsəd bəyin izini axtararkən, ehtimal ki, qardaşı olan Qüdrət Hidayət Turxanın kitabını tapdım… Gözəl xalça motivi ilə bəzədilmiş kitabın üz qabığında (Islamic Rugs) “İslam xalçaları” yazılıb. Müəllifi Qüdrət H. Turxandır. 1968-ci ildə Londonda "Arthur Barker" nəşriyyatı tərəfindən yayımlanan kitabın redaktoru xanım Lynne Thornton dünyaca məşhur sənət tarixçisidir… 110 səhifəlik kitabın üzqabığı Topqapı sarayında olan rəngli bir xalçanın şəkli ilə bəzədilib. Kitabın müəllifi Qüdrət Hidayət Turxan sonralar Braziliyaya köçüb və orada vəfat edib”.
Qüdrət bəyin vəfat tarixi ilə bağlı başqa məlumat da var. Cavid Ağanın yazdığına görə, Qüdrət Turxan 1977-ci ildə vəfat edib, Londonun St. Pancras məzarlığında basdırılıb: “Amma burada da ziddiyyətli bir məqam var – ingilis arxivi onun 17 iyul 1907-ci ildə doğulduğunu göstərir”.
Qüdrət bəyin qardaşı Əsəd bəy də Türkiyədə Turxan soyadını alıb. O, 23 sentyabr 1906-cı ildə Bakıda doğulub. İstanbulda Sormagir küçəsi 66/3 ünvanında yaşayıb.