
BAKI, 1 aprel. TELEQRAF
"Bayram tətili günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara 6482 turist səfər edib ki, bu say ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur".
Teleqraf xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev deyib.
O bildirib ki, ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir və artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir.
"Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır".
Onun sözlərinə görə, vətəndaşların milli parklara ziyarətinin inkişaf dinamikası əsasən tətil günlərində özünü biruzə verir.
"Belə ki, bayram tətili günlərində ölkənin müxtəlif bölgələrində yerləşən milli parklara 6482 turist səfər edib ki, bu say ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Azərbaycanda zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik 10 milli park var. Bu siyahıya Zirə qəsəbəsindəki Abşeron Milli Parkı, Salyanda Şirvan Milli Parkı, Lənkəranda Hirkan və Qızılağac Milli Parkları, Xızıda Altıağac Milli Parkı, Göygöldə Göygöl Milli Parkı, Xaçmazda Samur-Yalama Milli Parkı, Ağcabədidəki Ağgöl Milli Parkı, Naxçıvandakı Zəngəzur Milli Parkı, həmçinin Şahdağ Milli Parkı daxildir", - X.Mirzəyev qeyd edib.