
BAKI, 1 aprel. TELEQRAF
Tovuzda anası tərəfindən tərk edilən körpənin vəziyyəti məlum olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda körpənin müalicəsi davam etdirilir, vəziyyətində müsbət dinamika müşahidə edilir.
"Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.
2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) 25.03.2025-ci il tarixində Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.
Martın 26-da isə azyaşlı Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Tovuz Rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Məlumata görə, uşağın anası Aygün Qədimova nikahdankənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir.