
BAKI, 7 mart. TELEQRAF
"Sözügedən "yazı" ilə bağlı bildiririk ki, “FQ Foodex” MMC tərəfindən "AL-ASR" əmtəə nişanlı məhsullar da daxil olmaqla ölkəyə bu vaxta kimi hər hansı ət və ət məhsulları idxal edilməyib. Müəssisədə çiy dönər ətinin hazırlanmasında istifadə edilən ətlər daxili bazardan alınaraq emal edilir. Bu fakt yoxlama zamanı müəssisənin rəhbəri tərəfindən verilən izahatda da öz təsdiqini tapır. Belə ki, sahibkar həmin ətlərin yerli ətlər olduğunu və müvafiq sahibkarlardan alındığını bildirib. Emal olunan dondurulmuş toyuq ətlərinin sağlamlığını təsdiq edən sənədlər yoxlama zamanı sahibkar tərəfindən təqdim edilməyib".
Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı açıqlamada yer alıb:
"Əlbəttə heç bir əsasa söykənmədən, hər hansı bir mənbəyə istinad etmədən bir xəbər saytının bu cür iddialarla çıxış etməsi media etikasına uyğun olmamaqla yanaşı, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun mediada dərc olunan və yayılan informasiyaya dair tələblərinin də kobud şəkildə pozulmasıdır. Məlumatın Agentliyin işgüzar nüfuzuna məqsədyönlü şəkildə ziyan vurulmasına yönəldiyini və bu xəbər saytı tərəfindən bu tip materialların kampaniya xarakteri daşıdığını, eyni zamanda təhlükəli qida məhsullarının təbliğ olunmasını nəzərə alaraq, məsələyə hüquqi qiymətin verilməsi üçün aidiyyəti dövlət qurumuna rəsmi qaydada müraciət olunacaq".