
BAKI, 7 mart. TELEQRAF
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
AYNA-dan Teleqraf-a bildirilib ki, Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 91 nömrəli şəhərdaxili, Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirən 145 nömrəli, eləcə də Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 147 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
91 nömrəli şəhərdaxili və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli şəhərətrafı marşrut üzrə “BakuBus” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.