GƏNCƏ, 28 fevral. TELEQRAF

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu gün Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə verilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, ilk sərnişinlər şəhid ailələri və Vətən müharibəsi iştirakçıları olub.

“Böyük Qayıdış” Proqramı çərçivəsində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Gəncə Beynəlxalq Avtovağzalından hər gün saat 08:00-dan hərəkət edəcək. Şuşa şəhərindən Gəncəyə isə reys 14:45-də həyata keçiriləcək. Bu reys üzrə Tərtər, Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələr olaraq müəyyən edilib.

Qeyd edək ki, biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.