
BAKI, 28 fevral. TELEQRAF
İşğaldan azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə məktəblərində təhsil haqqı 3 il dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Teleqraf xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarına təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, azad edilən ərazilərdə məskunlaşan şəxslərin peşə təhsil haqlarının ödənilməsi məqsədilə ilkin hesablamalara görə, 3 min nəfər üçün 3.5 milyon manat vəsait ayrılacaq.
Dəyişikliklər qəbul olunacağı təqdirdə, 2025-ci il sentyabrın 15-dən tətbiq ediləcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.