BAKI, 28 fevral. TELEQRAF
NATO Ukrayna üçün ən yaxşı təhlükəsizlik təminatıdır, ABŞ Prezidenti Donald Tramp sadəcə Rusiya nağıllarına uyaraq qapını bağlayır.
Teleqraf xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Niyə biz NATO-dayıq? Çünki Rusiyadan çəkinirik. İndi işləyən yeganə təhlükəsizlik zəmanəti NATO çətiridir”, - o qeyd edib.
Kallas əlavə edib ki, bu bloka daxil olan ölkələr heç vaxt demokratiyadan qorxan Rusiyaya hücum etməyiblər.
Aİ-nin baş diplomatı Ukraynanın NATO-ya üzv olmağı unutmalı olduğunu söyləyən Trampı Rusiyanın yalanlarına uymaqda ittiham edib:
“Bu ittihamlar tamamilə yalandır. Bu, uymamalı olduğumuz bir rus nağılıdır”.
Kallas Amerikanə Rusiyaya güzəştə getməməyə çağırıb:
“Siz təcavüzkara (Rusiyaya) artıq aldığı şeydən (işğal etdiyi ərazilərdən başqa heç nə təklif edə bilməzsiniz. Niyə biz Rusiyaya onların istədiklərini verməliyik? Onlar Ukraynaya hücum edərək, ərazilərini işğal və ilhaq ediblər. İndi bunun üstünə başqa şeylər də vermək istəyirlər”.
Kallas vurğulayıb ki, Aİ Ukrayna ilə bağlı müzakirələrə qatılmalıdır: “Düşünürəm ki, bunsuz heç nə əldə edə bilməyəcəyik”.