
BAKI, 21 fevral. TELEQRAF
Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir.
Teleqraf xəbər verir ki, bunu bu gün onlayn formatda “Gələcəyin səhiyyə sistemləri: səhiyyədə texnologiyaların və innovasiyaların istifadəsi – hər yerdə və hər kəsin maraqlarına uyğun” mövzusunda videokonfransda səhiyyə naziri Teymur Musayev deyib.
Azərbaycanın səhiyyə naziri çıxışında qlobal səhiyyənin son onillikdə, xüsusən də son iki-üç il ərzində sürətli texnoloji tərəqqi yaşadığını qeyd edib:
“Səhiyyə sistemlərinin gələcəyi daha proqnozlaşdırıcı, fərdiləşdirilmiş və interaktiv olacağı ehtimalı çox yüksəkdir. Səhiyyə sənayesi texnoloji tərəqqi, məlumatlara əsaslanan qərarların qəbulu və fərdiləşdirilmiş tibbə doğru addımların birləşməsi ilə formalaşacaq. Hazırda da süni intellekt (AI), məlumatlar bazası və rəqəmsal həllər səhiyyə xidmətlərinin təkmilləşdirilməsində həlledici rol oynayır”.
Nazirin sözlərinə görə, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər: “Planlaşdırma və sənədləşdirmə kimi təkrarlanan tapşırıqların avtomatlaşdırılması tibb işçilərinə diqqətini xəstələrin qayğısına fokuslanmasına imkan verir. Eyni zamanda, rəqəmsal alətlər klinik qərarlar üçün dəstəyi təkmilləşdirir. Süni intellektə əsaslanan diaqnostika xəstəliklərin erkən və daha dəqiq aşkarlanmasına kömək edərək qərar qəbulunu sürətləndirir. Məlumatlar bazasının təhlili ictimai səhiyyə tendensiyalarının müəyyən etməsinə kömək, habelə hədəflənmiş səhiyyə strategiyalarının hazırlanmasına imkanlar yaradır. Bununla belə, biz Aİ-ni səhiyyəyə inteqrasiya etdikcə, müvafiq qaydalar və etik prinsiplər vasitəsilə süni intellektə əsaslanan həllərin ədalətli və qərəzsiz istifadə olunmasını təmin etməliyik”.
O bildirib ki, süni intellekt səhiyyənin effektivliyini bir neçə yolla artıra bilər.
"Səhiyyə sistemlərinin gələcəyinin digər əsas aspekti davamlılıqdır. Ətraf mühitə təsirləri minimuma endirmək, enerji istehlakını azaltmaq və davamlılığı təşviq etmək üçün biz yaşıl xəstəxanaların sayını artırmalı, enerjiyə qənaət edən səhiyyə müəssisələrinə və davamlı səhiyyə tullantılarının idarə edilməsinə sərmayə qoymalıyıq.
Rəqəmsal alətlər çox böyük faydalar təqdim etsə belə, onlar insanların qarşılıqlı əlaqəsini əvəz etməməlidir. Bu texnologiyalar tibb işçilərinə birbaşa xəstələrə qulluq üçün daha çox vaxt sərf etməyə imkan verən dəstəkləyici vasitələr rolunu oynamalıdır. Səhiyyə sistemləri süni intellekt və rəqəmsal həllərdən istifadə etməklə işçi qüvvəsi çatışmazlığını aradan qaldıra, tibbi xidmətin keyfiyyətini yaxşılaşdıra və daha davamlı və səmərəli gələcək yarada bilər”, - deyə, Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.