
BAKI, 21 fevral. TELEQRAF
Fevralın 21-i səhər saatlarına olan qeyri-sabit hava şəraiti davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin əksər yerlərində qar yağır.
Yağan qarın hündürlüyü Zaqatala rayonu Əlibəy kəndi ərazisində 76 sm, Qax rayonu Sarıbaş kəndi ərazisində 52 sm, Gədəbəydə 45 sm, Şəkidə 29 sm, Qubada 17 sm, Şahdağ və Kəlbəcərdə 15 sm, Lerikdə 14 sm və digər əksər bölgələrdə 12 sm-dir. Bakıda və Abşeron yarımadasında isə qarın hündürlüyü 7 sm-dir.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 25 m/san-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 m-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcə, Aran rayonlarında 1 dərəcə, Naxçıvan Muxtar Respublikasında 9 dərəcə, dağlıq rayonlarda isə 15 dərəcəyədək şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin fevralın 24-dək davam edəcəyi gözlənilir.