Aktyor, rejissor Elşad Rəhimzadəyə qarşı dələduzluq edilib.
Elşad Rəhimzadə Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Sosial şəbəkədə özünü vəkil kimi təqdim edən Panəliyeva Səbiyyə İlham qızı adlı şəxs etibarımdan sui-istifadə edərək məni aldadıb, mülki mübahisə ilə əlaqədar məhkəmə işlərimdə vəkil kimi hər hansı hüquqi addım atmayıb, "Access" banka ödəməli olduğum aylıq ödənişləri, banka ödəmək adı ilə məndən aldığı pulları mənimsəyib, dələduzluq niyyəti ilə 8300 manat məbləğində pulu alaraq ziyan vurub.
Sonradan mənə məlum olub ki, Səbiyyə Panəliyeva Vəkillər Kollegiyasının üzvü deyil. Vəkillik hüququ və təhsili olmadan dələduzluq edib, vurduğu ziyanı ödəməkdən boyun qaçıraraq, "Access" bankda girovda olan mülkiyyətimin bank tərəfindən müsadirə olunmasına gətirib çıxarıb.
Ailə üzvlərimdən Emin Əbdürəhimov 1300 manat, Kərim Əbdürəhimov 1600 manat, mən özüm isə 5400 manat pulu Səbiyyə Panəliyevanın kart hesabına köçürmüşük.
Nəzərinizə çatdırıram ki, sosial şəbəkələrdə dəfələrlə Səbiyyə Panəliyevanın dələduzluğu haqqında məlumatlar yayılıb. Şikayətimi Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə bildirərək, Xəzər rayonu 2 saylı polis bölməsinə, Yasamal Rayon Polis İdarəsinə, Bakı şəhər Prokurorluğuna, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm.
Səbiyyə Panəliyevanın dələduzluğu nəticəsində 3 aydır ailə üzvlərim yeganə mülkiyyəti olan yaşayış yerlərini itiriblər".
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.