BAKI, 11 fevral. TELEQRAF

Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Yeganə xanım, Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi 2022-ci ilin dekabr ayından fəaliyyətə başlayıb. Hazırda ölkəmizdə mərkəzdən xəbərsiz transplantasiya əməliyyatları həyata keçirilirmi?

- Xeyr, artıq heç bir transplantasiya əməliyyatları bizdən xəbərsiz baş vermir. Çünki onların sənədləşmə işləri məhz bu mərkəzdə gerçəkləşir. Transplantasiya əməliyyatları üçün hüquqi baza formalaşıb və uyğun qaydada icra olunur. Bu, olduqca əhəmiyyətli məqamdır.

Vacib amillərdən biri canlı orqan donorlarının transplantasiyası zamanı orqan alverinə yol verməmək məqsədilə Etika Komissiyasının yaradılmasıdır.

- Yeri gəlmişkən, aktyor Azər Baxşəliyevlə bağlı məsələdə adı tez-tez hallanan Etika Komissiyasına ünvanlanmış iradlara sizin mərkəz cavab verdi. İstərdim aydınlıq gətirəsiniz ki, Etika Komissiyası mərkəzin nəzdində fəaliyyət göstərir, yoxsa ayrıca qurumdur? Rəhbər şəxsi varmı?

- Etika Komissiyası bizim mərkəzin nəzdində ola bilməz, çünki həmin maraqlar toqquşardı. Bu səbəbdən Komissiya Səhiyyə Nazirliyinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərir. Sədri üzvlər arasından hər doqquz aydan bir dəyişməklə seçilir.

Bilirsiniz ki, Azərbaycanda yaxın qohumlar - ana, ata, bacı, qardaş, baba, nənə, nəvə, ər, arvad donor ola bilər. Bu halda biz hüquqi sənədləri hazırlayıb əməliyyat üçün müvafiq xəstəxanaya göndəririk. Amma başqa qohumlar, yəni xala uşaqları, əmi uşaqları, bibilər, dayılar və bu səpkidən digərləri, eləcə də dostlar canlı donor olmaq istədikdə resipiyentlə (xəstə-red.) birgə bizə müraciət edir, biz də onların sənədlərini hazırlayıb araşdırılması üçün Etika Komissiyasına göndəririk.

- Komissiya sənədləri tam yoxlaya bilər, amma insanların kənarda öz aralarında pul sövdələşməsi ehtimalı da mümkündü, bu, necə araşdırılır?

- Komissiyanın tərkibində Səhiyyə Nazirliyinin əməkdaşı, hüquqşünas, psixoloq, daxili işlər orqanlarının əməkdaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri cəm olub. Ona görə məsələ kifayət qədər araşdırılır.

Etika Komissiyası digər dövlətlərdə də fəaliyyət göstərir. Məsələn, Türkiyədə hər xəstəxananın özünün belə komissiyası var idi. 2022-ci ildə Ankarada Səhiyyə Nazirliyində görüşümüzdə onlara bizim komissiya modelimiz barədə danışanda çox təəccübləndilər. Qısa vaxtda onlar da vahid Etika Komissiyasının yaradılmasına keçdilər.

"Görünür, Azər Baxşəliyevdə bu hiss olub..."

- Bütün hüquqi sənədlərə imza atan canlı donor sonra fikrindən dönərsə, bu, nəzərə alınırmı?

- Qanunvericiliyə əsasən, canlı donor bütün mərhələlərdə fikrindən dönə bilər və bu, onun haqqıdır. Amma Azər Baxşəliyev məsələsində onun özü bundan imtina etdi. Səbəbini heç kim bilə bilməz. Sadəcə burada incə məqam var: orqana ehtiyacı olan şəxs donor olan şəxsi və onun gələcəyini də düşünür. Hər bir əməliyyat riskdir, hamısında ölüm faizi var. Görünür, Azər bəydə də bu hiss olub, hər halda, bunu dəqiq bilməsək də, onun imtina ərizəsi bizdədir.

- Beyin ölümü necə gerçəkləşir və bu diaqnoz hansı halda qoyulur?

- İki cür ölüm var: ürək dayanması və beynin travması, beyinə qan sızma... Beyin ölümü beyinin bütün funksiyalarının fəaliyyətdən dayandığı tibbi vəziyyət, yəni bioloji ölümdür.

Xəstədə beyin ölümü aşkarlanarsa və o, süni tənəffüs aparatına qoşulmuş haldadırsa, demək, ağciyərlərə süni nəfəs verilir. Allah insanı elə yaradıb ki, ürək beyindən asılı olmayaraq iki, maksimum üç sutka işləyə bilir və qanı bədənə ötürür. Üç sutkadan sonra beyindən impuls gəlməsə ürək də fəaliyyətini dayandırır. Həmin iki-üç sutka orqan bankı dövrüdür.

- Süni tənəffüs aparatından, reanimasiyadan kənarda gerçəkləşən ölüm zamanı şəxsin meyitindən hansı halda istifadə etmək olar?

- Təcili xəstəxanaya çatdırılmalıdır. Ürək dayanır, amma döş qəfəsinə dayanmadan masajlar edib, onu qaytarmaq mümkündür. Həmin dövrdə beyinə oksigen çatmayanda oradakı çox həssas neyronlar ölür. Bu zaman xəstə ya komaya, ya vegetativ hala düşür, yaxud beyin ölümü baş verir. Beyin ölümü komadan, vegetativ vəziyyətdən fərqlənir. Son iki halda insan ölümdənqabaq geridönülən yoldadır. Beyin ölümündə isə beyin və beyin kötüyü funksiyaları geridönməz şəkildə itirilir.

"Reanimatoloqlar beyin ölümü diaqnozu qoymurlar və təəssüf ki, hələ də..."

- Yeganə xanım, açıqlanan rəqəmlərə görə, Azərbaycanda bu vaxta qədər iki nəfərə beyin ölümü diaqnozu qoyulub. Hər gün qəzalarla bağlı eşitdiyimiz xəbərlərin çoxunda insanlar ağır vəziyyətdə reanimasiyaya yerləşdirilir və bəzilərinin həyatı sonlanır. Bir sözlə, müxtəlif səbəbdən reanimasiyada çox sayda xəstə olur. Bu gerçəklikdə beyin ölümü diaqnozunun az olmasının səbəbini nə ilə izah edirsiniz?

- İki səbəb var. Birincisi maarifləndirmə. Bu mərkəz yarananda bütün işçilərimiz donor kimi qeydiyyatdan keçdilər. Siyahıda da birinci mənəm. Əgər məndə beyin ölümü gerçəkləşərsə, orqanlarımı qohumlarımdan icazə almadan götürəcəklər. Bu baxımdan bütün insanların gəlib orqanlarını bağışlaması lazımdır. Niyə? Çünki hamımızın ailəsində orqana ehtiyacı olan xəstə ola bilər.

İkinci məsələ beyin ölümü diaqnozu qoyan reanimatoloqların olmamasıdır. Azərbaycanın şəhər və kəndlərində süni tənəffüs aparatı olan reanimasiyalar donor mənbəyi xəstəxanasıdır. Yəni beyin ölümü baş verəndə şəxs süni tənəffüs aparatına qoşulu haldadırsa, onun orqanlarından istifadə etmək mümkündür.

- Yəni reanimatoloqlar beyin ölümü diaqnozu qoya bilmirlər, yoxsa qoymurlar?

- Qoymurlar. Dünya statistikasına görə, reanimasiya şöbəsindəki yüz ölümdən 30 faizi beyin ölümü keçirir. Bu diaqnozun qoyulması üçün biz işlər aparırıq: danışırıq, konfranslar keçiririk, reanimatoloqlarla görüşürük. Xaricdə işləyən və oxuyan reanimatoloqlarımız bunu çox gözəl bilirlər.

Ötən il gördüyümüz işlərdən biri də bu idi ki, Səhiyyə Nazirliyinin, TƏBİB-in, digər qurumların xidməti xəstəxanalarının hamısına sirkulyar məktub göndərdik. Məktubda qeyd olunur ki, əgər sizin reanimasiya şöbənizə 9-15 və yaxud daha aşağı göstərici üzrə xəstə daxil olarsa, bizim mərkəzə xəbər edilsin. Məktubun getməsinə baxmayaraq, özümüz də xəstəxanalarla görüşdük, danışdıq. Mən 35 ildir reanimatoloqam və bu sahədə çalışanları yaxşı tanıyıram.

Təəssüflə deməliyəm, elə reanimatoloqlarımız var ki, Azərbaycanda bu sistemin heç vaxt gerçəkləşməyəcəyini, üstəlik "kimsə orqanını verməz, hətta mən özüm də" deyirlər. Mən isə düşünürəm ki, Azərbaycan vətəndaşları humanistdirlər, istiqanlıdırlar və biz kiməsə təmənnasız kömək etmək istəyində, iqtidarındayıq. Şəxsən mən xoşbəxt olardım ki, öləndə hissəciklərimiz on nəfəri yaşatsın. Və onlar orqanın kim tərəfindən verildiyini bilməyəcəklər. Bu, ən böyük savablardan biridir.

Onu da xüsusi qeyd edim ki, beyin ölümü diaqnozu qoyulanların sayı ötən il artdı. Artıq beş nəfərə bu diaqnoz qoyulub.

- Amma heç birindən orqan götürülməyib...

- Dördünün ailəsi razılıq vermədi. Biri isə İran vətəndaşı idi, orqanlarını da bağışlamışdı, amma bizdə- ölkəmizdə turist olduğuna görə onun orqanlarını götürə bilmədik.

Donorluqda dünya üzrə iki qrup ölkələr mövcuddur: OPT-aut və OPT-in ölkələr. İspaniya, Amerika, Almaniya, Rusiya, Ukrayna, Belarus, İran OPT-aut ölkələrdir. Bu cür ölkələrdə şəxslər 18 yaşı keçəndən sonra onların orqanları dövlətə məxsus olur. Beyin ölümü gerçəkləşən şəxsin meyitindən orqanlar heç kimdən icazə alınmadan götürülür. Ərəb ölkələri, Türkiyə, biz OPT-in ölkələri olduğumuza görə şəxs özü canlı donor olmayıbsa, yaxınlarından mütləq icazə alınmalıdır.

- Ailə üzvlərini razı salmağın çətinliyi nədədir? Onlar dini meyarları önə çəkirlər, yoxsa?..

- Dində heç bir məhdudiyyət yoxdur. Quranın “Maidə” sürəsinin 32-ci ayəsində deyilir ki, bir insana həyat vermək bütün bəşəriyyətə həyat verməkdir. Bizim din xadimlərimiz də orqan bağışlamağı dəstəkləyirlər. Ərəb ölkələrində neçə illərdir belə bir mərkəz var, Türkiyədə isə 1975-ci ildə yaranıb. Qazaxıstanda artıq meyit orqanı var, amma Azərbaycanda yoxdur.

Beyin ölümü keçirmiş şəxslərin ailə üzvləri ilə görüşlərdə mən də iştirak edirəm. Aralarından kimsə düşünür ki, o, belə məsuliyyəti üzərinə götürə bilməz, qohumlar onu qınayar və s. Hamısı tərəddüd edir və bir-birilərinin gözünün içinə baxırlar, kimsə cəsarət edib razılıq vermir.

İnsanlar bu prosesin necə həyata keçiriləcəyini tam başa düşmürlər. Meyit əməliyyat stoluna qaldırılır, kəsilir, onun qaraciyəri, böyrəyi, ürəyi və digər orqanları götürülür, yeri doldurularaq səliqə ilə tikilib, qohumlarına verilir.

Onsuz da orqanlarımız torpağa qarışacaq. O dünyaya qalan ruhumuzdur.

Türkiyədə 30 il, İspaniyada 10 il bu məsələyə yox deyiblər. Amma bu, ötən əsr idi. İndi 21-ci əsrdəyik və mən inanıram ki, 2025-ci ildə Azərbaycanda ilk meyit orqan olacaq. Ona görə maarifləndirməyə ciddi diqqət yetirməliyik. İnsan özü donor olarsa, o, öz yaxınlarını iztirabdan xilas etmiş olur. Gəlin, donor olun, bunun üçün o.d.t.k.m.gov.az saytına daxil olaraq qeydiyyatdan keçin.

Bəzən soruşurlar ki, donor olan zaman hansısa müayinədən keçmək lazımdırmı? İndi müayinə olunmağın əhəmiyyəti yoxdur, bizə məhz beyin ölümü gerçəkləşən anda insanın orqanlarının yararlı olduğunu bilmək lazımdır.

- Necə ki, orqanlarını bağışlayan Qənirə Paşayeva kimi... Ölümü reanimasiya şəraitində gerçəkləşsə də, vəsiyyəti həyata keçmədi.

- Təəssüf ki, Qənirə xanımın orqanları öz fəaliyyətini itirmişdi. Bu, o deməkdir ki, biz hətta donor olsaq belə, yenə də ölümümüzün necə gerçəkləşəcəyini bilmirik. Bu, hər adama qismət olan savab deyil. Üstəlik donor olmaq yaşlı və cavana baxmır. Yaşlı birinin də orqanı yararlı ola bilər.

- Bir meyitdən neçə orqan götürülür?

- İki nəfərə böyrək, iki nəfərə qaraciyər, iki nəfərə ağciyər, iki nəfərə buynuz qişa, bir nəfərə ürək, bir nəfərə də mədəaltı vəzi transplantasiya etmək olar, ümumilikdə 10 adam şəfa tapar.

- Ötən il nə qədər əməliyyat gerçəkləşib?

- 2024-cü ildə 120 böyrək əməliyyatı olunub. Əməliyyat üçün müayinəyə 200-dən çox xəstə göndərmişdik, əməliyyat icazələri də çox olub. Amma hamısı birdən əməliyyat oluna bilmir. Səbəbi həmin dönəmdə resipiyentin xəstə olması, yaxud donorda hər hansı problemin yaranmasıdır.

Həmçinin 97 qaraciyər, 32 sümük iliyi transplantasiyası, 100 buynuz qişa əməliyyatı gerçəkləşib. Buynuz qişa da Amerikadan idxal olunur. 2025-ci ildə əsas hədəflərimizdən biri göz, kök hüceyrə, orqan bankını yaratmaqdır.

- Canlı donorlarımız nə qədərdir?

- Çox azdır.

- Rəqəmlə açıqlaya bilərsinizmi?

- Sayı 100-ə qədərdir. On milyonluq əhaliyə nisbətdə bu, olduqca az göstəricidir.

- Yeganə xanım, orqan növbəsində təcililik necə tənzimlənir?

- Donoru olanı müəyyən hüquqi prosedur keçəndən sonra həmin an əməliyyata göndəririk. Böyrək xəstələrində təcililik yoxdur, çünki onlar dializ olunurlar. Amma qaraciyərdə təcililik vacib məsələdir. Gözləmə sırası mövcuddur, orda kimin qan qrupu, toxuma növü uyğun gəlirsə, həmin resipiyentə köçürülür.

"İldə 50-dən çox qaraciyər gözləyən xəstə həyatını itirir"

- Həm canlı donoru, həm də başqasının orqanı köçürülən şəxsi gələcəkdə hansı risklər gözləyir?

- Əməliyyat özü riskdir. Ağırlaşma, infeksiya ola bilər. Biz iki böyrəklə yaranmışıq. Biri işləyə bilməyəndə o birisi ona kömək edir. Bir böyrək olanda isə onun işləməmə ehtimalı daha çoxdur. Meyit orqan çıxanda həmin şəxs gözləmə siyahısında önə alınır. Çünki o, nə vaxtsa humanistlik edib.

Orqan köçürülən şəxsin bədənində donor orqanı qovma prosesi başlaya bilər. Bunun baş verməməsi üçün immonusuppressiv dərmanlar qəbul olunmalıdır. Dərmanlar dövlət tərəfindən qarşılanır.

İqtisadi cəhətdən meyit orqanlarının olması çox əhəmiyyətlidir. Çünki böyrək əməliyyatının ortalama qiyməti 12-16 min manatdır. Süni böyrək olan dializ də dövlət tərəfindən qarşılanır və il ərzində bir xəstəyə 15 minə, amma immonusuppressiv dərmanlar 3 min manata başa gəlir. Hazırda dörd min Azərbaycan vətəndaşı dializ alır. Rəqəmləri hesablayanda hansının daha sərfəli olduğunu görmək mümkündür.

İldə 50-dən çox qaraciyər gözləyən xəstə həyatını itirir. Çünki qohumlarında ona uyğun donor yoxdur. Üç aylıq körpəylə, 15 yaşlı uşaqlarla gözü yaşlı qalan analar, atalar var. Gözləyə-gözləyə qalıblar...