
Almaniyanın Tangerhütte səhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Ölkənin Zaxhsen-Anhalt əyaləti üzrə fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi tədbirdə yerli ictimaiyyətin nümayəndələri, Sosial Demokrat Partiyasının Tangerhütte şəhər şöbəsinin sədri Robert Qravert və partiyanın üzvləri iştirak ediblər.
Teleqraf.com-un məlumatına görə, Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında iştirakçılara məlumat verib.
O, Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonun Azərbaycan ərazisinin ayrılmaz hissəsi olması haqqında BMT-nin qəbul etdiyi qətnamələri xatırladıb. ABŞ-ın 10-dan artıq ştatının, eləcə də Kanada, Kolumbiya, Çexiya, Sudan, Honduras, Meksika, Peru, Pakistan kimi ölkələrin parlamentlərinin Xocalı soyqırımını rəsmən tanıdığını iştirakçıların diqqətinə çatdırılıb.
Sosial Demokrat Partiyasının yerli şöbəsinin rəhbəri Robert Qravert çıxış edərək Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. O, gələcəkdə Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına yardım göstərəcəyini söyləyib.